Aktauda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş bayram tədbiri keçirilib
6 may, 2025
Aktau şəhərinin Dostluq Evinin konsert zalında Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş bayram konserti keçirilib.
Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, ölkəmizin Aktau şəhərindəki Baş Konsulluğunun və "Azərbaycan Mərkəzi" İctimai Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Mərkəzinin direktoru İlkin Orucov açılış nitqində bu konsertin ortaq tariximizin, mədəniyyətimizin və dostluğumuzun simvolu olduğunu qeyd edib.
Ardınca Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı çıxış edib. "Musiqi və incəsənət hamıya başa düşülən universal bir dildir. Bugünkü konsert ölkələrimiz arasında birlik, qarşılıqlı anlaşma və mədəni mübadilə bayramıdır", - deyə baş konsul bildirib.
Mangistau vilayətinin maslihat (yerli özünüidarəetmə orqanı) sədri Janbırbay Matayev çıxışında Azərbaycan və Qazaxıstanı uzun illərin dostluq və əməkdaşlıq tellərinin bağladığını deyib. O, həmçinin iqtisadiyyat və mədəniyyətdən təhsil və turizmə qədər bütün sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsinə çalışdıqlarını diqqətə çatdırıb.
"Biz, Qazaxıstanda yaşayan azərbaycanlılar mədəniyyətimizlə fəxr edirik və onu bu səhnədə təqdim etmək imkanından məmnunuq. Qoy bu gecə xalqlarımız arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi yolunda daha bir addım olsun", - deyə "Dostluq" Azərbaycan Etnik-Mədəni Birliyinin sədri Şəmsəddin Hüseynov öz çıxışında söyləyib.
Yessenov Universitetinin tələbələrinin və qazax müğənnilər Kuanışbek Azanbekovun, Mira Nurlıbekin, azərbaycanlı müğənni Kərim Abbasovun ifaları, "Axvax" ansamblının ifasında Azərbaycan milli rəqsləri gecədə şən ab-hava yaradıb, sürəkli alqışlarla qarşılanıb.
Foto qalereya
Digər xəbərlər