ABŞ-dəki azərbaycanlı tələbələr vahid platformada birləşiblər
20 iyul, 2026
ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun (MIT) azərbaycanlı tələbələrinin təşəbbüsü ilə MIT Azərbaycanlı Tələbələr Assosiasiyası təsis edilib.
Assosiasiyanın yaradılmasında əsas məqsəd Massaçusets Texnologiya İnstitutunda Azərbaycanı təmsil etmək, universitetdə təhsil alan azərbaycanlı tələbələr arasında əməkdaşlığı və həmrəyliyi gücləndirmək, eləcə də ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında məlumatlılığın artırılmasına töhfə verməkdir.
Təşkilat fəaliyyətini akademik, mədəni və sosial istiqamətlər üzrə quracaq. Bu çərçivədə müxtəlif tədbirlərin təşkili, fərqli ölkələrdən olan tələbələr arasında mədəni dialoqun inkişafı, həmçinin Massaçusets ştatında fəaliyyət göstərən müxtəlif universitetlərin azərbaycanlı tələbə təşkilatları ilə əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.
Assosiasiya, həmçinin azərbaycanlı tələbələrin beynəlxalq akademik mühitdə daha fəal iştirakını, Azərbaycanın elmi, mədəni və ictimai potensialının tanıdılmasını, eləcə də gələcək akademik və peşəkar əməkdaşlıq imkanlarının artırılmasını hədəfləyir.
Bildirək ki, Massaçusets Texnologiya İnstitutunda azərbaycanlı tələbələrin sayının artması Assosiasiyanın yaradılmasını zəruri edib. Tələbələr indiyədək Azərbaycanı, onun zəngin mədəniyyətini və milli dəyərlərini əsasən fərdi təşəbbüslərlə tanıdıblar. Yeni təsis olunan Assosiasiya isə bu təşəbbüsləri vahid platformada birləşdirərək fəaliyyətin daha koordinasiyalı, davamlı və sistemli şəkildə həyata keçirilməsini təmin edəcək. Hazırda 10 üzvdən ibarət Assosiasiyanın idarə heyətində təmsil olunan Fidan Hüseynova 3-cü Amerika Azərbaycanlı Gənclər Forumunun iştirakçısıdır.
Digər xəbərlər
