ABŞ-də yaşayan soydaşlarımız 20 Yanvar faciəsini yad edib

23 yanvar, 2025

ABŞ-də yaşayan soydaşlarımız 20 Yanvar faciəsini yad edib

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq ABŞ-də Kaliforniya Azərbaycan Cəmiyyəti vebinar keçirib, Azərbaycan-Amerika Gənclər Federasiyası isə bəyanat yayıb.

Kaliforniya Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən vebinar "20 Yanvar: Qanla yazılan milli qürur" adlanıb. Vebinarda Kaliforniya Azərbaycan Cəmiyyətinin sədri Sevi Boisvert, üzvləri Könül Əliyeva, Nurlan Şükürlü və digərləri, qonaq qismində isə Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazımi iştirak edib. Pərviz Kazımi 1990-cı ilin 20 yanvar gecəsinin Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi, vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb. İştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb. Soydaşlarımız 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüb, vebinarın təşkilini 20 Yanvar şəhidlərinin xatirəsinin yaşadılması və gənc nəsillərin bu tarixi öyrənməsi baxımından mühüm bir addım kimi qiymətləndiriblər.

Nyu Yorkda fəaliyyət göstərən Azərbaycan-Amerika Gənclər Federasiyasının ABŞ-nin bir sıra ştatlarının qubernatorlarına, senatorlara və bələdiyyə başçılarına ünvanlandığı bəyanatda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla anılıb. 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıya amansız hücumu, yüzlərlə günahsız vətəndaşın həyatına son qoyulduğu qeyd edilib. Azərbaycan xalqının müstəqillik, bərabərlik və ədalət uğrunda mübarizəsi, eyni zamanda  Azərbaycan və ABŞ arasında insan hüquqları və azadlıq kimi ortaq dəyərlərin önəmi diqqətə çatdırılıb. Müraciətin sonunda 20 Yanvar faciəsinin rəsmi tanınması tələb edilib, iki ölkə arasındakı əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər