Dünya azərbaycanlılarının Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilən terror hücumu barədə bəyanatı

27 yanvar, 2023

Dünya azərbaycanlılarının Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilən terror hücumu barədə bəyanatı

Biz, xarici ölkələrdə yaşayan azərbaycanlılar yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum nəticəsində bir azərbaycanlının qətlə yetirilməsi, ikisinin isə yaralanmasından dərin kədər hissi keçirdiyimizi bildiririk.  Dünya azərbaycanlıları baş vermiş hadisəni İran xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktı hesab edir, hər bir soydaşımız bu xain hücumu və qanlı cinayəti törədənləri lənətləyir, diqqəti yayındırmaq üçün yayılan təxribatyönümlü və yalan məlumatlara inanmadığını bəyan edir. Baş vermiş qanlı hadisə məntiqə və heç bir insanlığa sığmır.

Cənubi Azərbaycanda yaşayan 40 milyon soydaşımızın hüquqlarının davamlı olaraq pozulması və İranda diplomatik nümayəndəliyin, eləcə də soydaşlarımızın toxunulmazlığına zəmanətin olmaması bizi həmişə narahat edir.

Biz dünya ictimaiyyətinin diqqətinin regiona yönəlməsini,  insanlıq əleyhinə törədilən cinayətlərə son qoyulmasını tələb edirik!

Regionda sülhə və sabitliyə əngəl törədən terror aktı barədə məlumatları BMT, Avropa İttifaqı, Avropa Şurası və onların qurumlarının, digər səlahiyyətli beynəlxalq və regional təşkilatların diqqətinə çatdıraraq, İran xüsusi xidmət orqanlarının belə ağır cinayət əməlləri törətməsinin qarşısının alınması istiqamətində hüquqi-siyasi müstəvidə təcili tədbirlər görməyə çağırırıq.

Nəzərinizə çatdıraq ki, biz İran və Ermənistanın Azərbaycanın suveren sərhədləri daxilində davamlı olaraq birgə qanunsuz əməllər törətdiyinin şahidiyik. Belə ki, son vaxtlar 27 İran vətəndaşı Laçın yolundan istifadə edərək qeyri-müəyyən məqsədlərlə Azərbaycanın Qarabağ ərazisində yuva salmış separatçı rejimin yanına keçmiş, bu günə qədər İran bu barədə heç bir açıqlama verməmişdir.

Terror aktı nəticəsində həlak olmuş səfirlik əməkdaşının xatirəsini ehtiramla yad edir, yaralıların tezliklə şəfa tapmasını diləyirik. Biz davamlı olaraq Ermənistanın müxtəlif istiqamətli terror və təxribat əməlləri ilə üz-üzə qalan Azərbaycana qarşı İran İslam Respublikasının da eyni mövqedən çıxış etməsini pisləyir, regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə təqsirkarların ən qısa zamanda məsuliyyətə cəlb olunmasını tələb edir, beynəlxalq ictimaiyyətdən ədalətli mövqe gözləyirik.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər