Sıktıvkar şəhərində Novruz şənliyi təşkil edilib

25 mart, 2023

Sıktıvkar şəhərində Novruz şənliyi təşkil edilib

Rusiya Federasiyası Komi Respublikasının paytaxtı Sıktıvkarda Novruz bayramına həsr olunmuş şənlik keçirilib.

“Komi Respublikası Azərbaycanlılarının Birliyi” regional ictimai təşkilatı tərəfindən təşkil edilən təmtəraqlı bayram şənliyində 200 nəfərdən çox soydaşımız, yerli hakimiyyət orqanlarının təmsilçiləri, mədəniyyət xadimləri, müxtəlif milli-mədəni cəmiyyətlərin nümayəndələri, media mənsubları, tələbələr, Uxta, Usinsk, Ust-Vımski və Sankt-Peterburqdan gələn qonaqlar iştirak ediblər.

Öncə Azərbaycanın və Rusiyanın Dövlət himnləri səsləndirilib. Tədbir iştirakçılarını salamlayan “Komi Respublikası Azərbaycanlılarının Birliyi” regional ictimai təşkilatının rəhbəri Asif İsmayılov bayram münasibətilə soydaşlarımızı təbrik edib və xoş arzularını bildirib. Baharın müjdəçisi, barış, nikbinlik, bolluq, bərəkət və xeyirxahlıq rəmzi olan Novruz bayramının tarixindən, adət-ənənələrindən, əhəmiyyətindən, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində geniş şəkildə qeyd edilməsindən danışıb.

Sonra Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin bayram münasibətilə soydaşlarımıza ünvanlanan təbrik məktubu oxunub.

Tədbirdə çıxış edən milli siyasət nazirinin müavini Stanislav Buşkov, Sıktıvkar şəhər Şurasının sədri Anna Dyu və başqaları soydaşlarımızı bayram münasibətilə təbrik ediblər, Komi Respublikasının mədəni müxtəlifliyinə töhfələr verən Azərbaycan icmasına təşəkkürlərini bildiriblər.

Komi azərbaycanlılarının dini lideri Kərbəlayi Bilal xalqımıza sülh və firavanlıq içində yaşamağı arzulayıb.

Milli Siyasət Nazirliyinin adından Komidə Azərbaycan xalqının dilinin və milli-mədəni ənənələrinin qorunub saxlanmasında və inkişafında böyük xidmətlərinə görə Azərbaycan diasporunun rəhbəri Asif İsmayılova fəxri fərman təqdim edilib.

Azərbaycan diasporunun adından qonaqlara Novruz xonçaları hədiyyə olunub. Tədbir bayram konserti ilə davam edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər