Sankt-Peterburq şəhərində “Nizami Gəncəvi 880” kitabı təqdim edilib

8 dekabr, 2022

Sankt-Peterburq şəhərində “Nizami Gəncəvi 880” kitabı təqdim edilib

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycanın dahi şairi və mütəffəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə “Nizami Gəncəvi 880” kitabının təqdimat mərasimi keçirilib.

Vladimir Mayakovski adına mərkəzi şəhər kitabxanasında baş tutan tədbirdə Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun, Azərbaycan diasporunun, yerli ictimaiyyətin nümayəndələri və Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllim-tələbə heyəti iştirak edib.

Qonaqları kitabxananın Xarici ədəbiyyat bölməsinin müdiri İrina Toçilkina və kitabxana nəzdindəki Şərq Mədəniyyəti Mərkəzinin direktoru Mariya Zuyeva salamlayıblar. Onlar kitabın tərtibatçısı, ön söz müəllifi və Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi Şahnaz Kamalova ilə əməkdaşlıqlarından, soydaşımızın Sankt-Peterburqda Azərbaycan dilinin, ədəbiyyatının və mədəniyyətinin təbliğ olunması istiqamətində gördüyü işlərdən, kitabxanada keçirilən “Oxuyan Peterburq: ən yaxşı xarici yazıçını seçək” müsabiqəsindən danışıblar. Bu il həmin müsabiqədə azərbaycanlı yazar Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanının üçüncü yerə layiq görüldüyünü nəzərə çatdırıblar.

Şahnaz Kamalova qüdrətli söz ustadının yubileyinə töhfə məqsədilə bu ideyanı həyata keçirdiyini vurğulayıb, təşkilatçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Sonra ölkəmizin Sankt-Peterburqdakı Baş konsulluğunun humanitar məsələlər üzrə konsulu Rəhim Rəhimzadə, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Vəfa Hacıyeva, kitabın korrektoru və redaktoru Svetlana Boçarova, Sankt-Peterburqda yerləşən “Çinar” milli-mədəni mərkəzinin rəhbəri Xeyransa Mirzəyeva, “Naxçıvan” cəmiyyətinin təhsil bölməsinin rəhbəri Həsən Məsimov, Azərbaycan diasporunun fəal üzvləri Ülviyyə Abbasova, Fizuli Cavadov, Rasim Əliyev, Aydın Əbilov və digər qonaqlar çıxış ediblər. Onlar soydaşımızı təbrik edib, dahi Nizami Gəncəvinin irsinin Rusiyada və dünyada təbliğ olunmasının əhəmiyyətindən söz açıblar.

Qeyd edək ki, “Nizami Gəncəvi 880” kitabında Azərbaycan, Türkiyə, Rusiya və Almaniyanın 19 aliminin elmi məqalələri toplanıb. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə nəşr olunnış kitabın tərtibatçısı və ön söz müəllifi Sankt-Peterburq Dövlət Universitetinin müəllimi Şahnaz Kamalovadır. Nəşrin elmi redaktorları AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya elmlər namizədi Əzizağa Nəcəfzadə və M.Lomonosov adına Moskva Dövlət Universitetinin müəllimi, tarix elmləri namizədi Darya Jiquliskaya, elmi məsləhətçiləri Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, filologiya elmlər doktoru, professor Vilayət Quliyev və BDU-nun müəllimi, filologiya elmləri doktoru, professor Vaqif Sultanlıdır.

Tədbirin gedişində Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevin və Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbəri Vaqif Məmişovun təbrik məktubları oxunub.

Tədbirin bədii hissəsində gənc soydaşlarımız İnşallah Məmmədov, Murad Yusifov, teatr və kino aktyoru İbrahim İsmayılov dahi şairin şeirlərini rusca və azərbaycanca səsləndiriblər, “Çinar” ansambılının solistləri Cavid Abbasov, Cahan Məmmədova, Fidan İsmayılovaın ifasında milli rəqslərimiz təqdim olunub.

Sonda tədbir iştirakçılarına “Nizami Gəncəvi 880” kitabı paylanılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər