Mayamidə azərbaycanlı yazara beynəlxalq müsabiqənin qızıl medalı təqdim edilib

22 noyabr, 2022

Mayamidə azərbaycanlı yazara beynəlxalq müsabiqənin qızıl medalı təqdim edilib

ABŞ-ın Florida ştatının Mayami şəhərində keçirilən “Readers’ Favorite” Beynəlxalq kitab müsabiqəsinin qızıl medalı azərbaycanlı yazar Rövşən Abdullaoğluna təqdim olunub.

Həmyerlimiz bu yüksək mükafataThe Man on the Rails” (“Relslər üzərinə uzanmış adam”) əsərinə görə iki il öncə layiq görülüb. Lakin pandemiya məhdudiyyətləri səbəbindən təqdimat mərasimi təxirə salınıb.

Mükafatın təqdimat mərasimində Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova və Azərbaycan-Amerika Gənclər Təşkilatının rəhbəri Nabat Eminova da iştirak ediblər.

Mərasimdən sonra diaspor fəalları azərbaycanlı yazarla Amerikada ölkəmizi və mədəniyyətimizi tanıtmaq məqsədilə bir sıra layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, “Relslər üzərində uzanmış adam” kitabı 2020-ci ildə “Readers’ Favorite”in keçirdiyi beynəlxalq ədəbi müsabiqəsinin “bədii ədəbiyyat-mədəniyyət” janrında qızıl medala layiq görülüb və “beş ulduz” fərqlənmə nişanı ilə də təltif edilib.

Rövşən Abdulla oğlu Abdullayev 28 sentyabr 1978-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin və Moskva Pozitiv Texnologiyalar və Konsaltinq İnstitutunun məzunudur.

Azərbaycanda çap olunan 27 kitabının əksəriyyəti bestseller olub, türk, ingilis və rus dillərinə tərcümə edilib. Bir sıra kitablarının ingilis dilində elektron versiyası Amazon.com satış platformasında yerləşdirilib.

2022-ci ildə Qarabağ savaşından bəhs edən “Koramal” romanı işiq üzü görüb. Yazıçının atası Abdulla Abdullayev hüquq-mühafizə sistemində çalışıb, Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Romanlarında ümumbəşəri mənəvi dəyərlərə hörmətlə yanaşmaq, irqi, dini, milli mənsubiyyətinə baxmayaraq ətrafdakılara münasibətdə insanlıq və dözümlülük nümayiş etdirmək, həyatın məşəqqətlərini dəyanətlə qarşılamaq kimi fikir və düşüncələr təbliğ edilir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər