Diaspor könüllüləri Cıdır düzündə “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər

5 sentyabr, 2022

Diaspor könüllüləri Cıdır düzündə “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər

“Azərbaycan Diaspor Könüllüləri”nin mədəniyyət paytaxtımız Şuşaya səfəri başa çatıb.

“Azərbaycan Diaspor Könüllüləri” proqramının koordinatoru Bəxtiyar Rəhimov bildirib ki, gənclər səfər proqramında nəzərdə tutulmuş bütün tarixi və mədəni məkanları, o cümlədən “Bazarbaşı”nı, Cıdır düzünü, güllələnmiş heykəllərin olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın sarayını, Xan qızı bulağını, Molla Pənah Vaqifin məqbərəsini, Üzeyir Hacıbəyovun heykəlini, Bülbülün ev-muzeyini, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərini ziyarət edib, mədəniyyət paytaxtımızda aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olublar.

Ənənəyə uyğun olaraq diaspor könüllüləri Cıdır düzündə iri ölçülü Azərbaycan bayrağını dalğalandırıb və “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər. Qarabağ Zəfərinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Silahlı Qüvvələrimizə təşəkkürlərini ifadə edən könüllülər vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad edib, qazilərimizə cansağlığı arzulayıblar.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində baş tutan səfərdə 50 könüllü və Komitə əməkdaşları iştirak edib. Səfər gənclərin işğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə də Şuşa şəhərində vaxtilə ermənilərin törətdikləri dağıntı və vandalizm aktlarını görməsi, insani dəyərlərə zidd olan bu vəhşiliklərə sosial şəbəkələr vasitəsilə diqqət cəlb edilməsi məqsədilə təşkil olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər