Xarkovda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
13 may, 2026
Ukraynanın Xarkov şəhərində Nikolay Lısenko adına Xarkov Milli Akademik Opera və Balet Teatrında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov, Xarkov Şəhər Şurasının İctimai birliklərlə iş üzrə departamentinin direktoru Nikita Sterin, Xarkovdakı Azərbaycan diasporun təşkilatlarının rəhbərləri və nümayəndələri, müxtəlif xalqların nümayəndələri, mədəniyyət və təhsil xadimləri, eləcə də yerli icma üzvləri iştirak edib.
Əvvəlcə Azərbaycanın və Ukraynanın Dövlət himnləri səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və hər iki ölkənin müstəqilliyi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Heydər Əliyevin həyat yolu və dövlətçilik fəaliyyəti haqqında sənədli film nümayiş olunub.
Xarkov Şəhər Şurasının İctimai birliklərlə iş üzrə departamentinin direktoru Nikita Sterin Ulu Öndərin müasir, güclü və müstəqil Azərbaycan dövlətinin qurulmasında oynadığı müstəsna rolu vurğulayıb. O, həmçinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım və davamlı dəstəyə görə təşəkkürünü bildirib.
Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov çıxışında Azərbaycan və Ukrayna xalqları arasında münasibətlərin dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını və bu münasibətlərin təməlinin Heydər Əliyev tərəfindən qoyulduğunu deyib.
Tədbirin bədii hissəsində Müslüm Maqomayev, Fikrət Əmirov, Arif Məlikov, Qara Qarayev, Sevil Əliyeva, Tofiq Quliyev, Nikolay Lısenko və Georgiy Mayborodanın əsərləri, eləcə də Ukrayna xalq mahnıları səsləndirilib, Vüqar Şəmmədov tarda musiqi nömrələri ifa edib, simfonik orkestrin müşayiəti ilə isə Tofiq Quliyevin “Bahar” əsəri təqdim olunub.
Foto qalereya
Digər xəbərlər
