Xarkovda 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub
19 iyun, 2026
Ukraynanın Xarkov şəhərində V.Q.Korolenko adına Dövlət Elmi Kitabxanasında 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Gününə həsr olunan kitab sərgisinin açılışı keçirilib.
Tədbir mədəniyyətlərarası dialoqun təşviqi, eləcə də Xarkovdakı Azərbaycan icmasının nümayəndələri, ictimai xadimlər və rəsmi şəxslərin bir araya gəlməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.
Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov çıxışında Milli Qurtuluş Gününün əsasını qoyan tarixi hadisələrə toxunaraq bu günün müasir Azərbaycanın inkişafındakı xüsusi rolunu, müstəqilliyimizin qorunmasında Ümummilli Lider Heydər Əliyevin əvəzolunmaz fəaliyyətini diqqətə çatdırıb.
Xarkov Şəhər Şurasının Veteran Siyasəti Departamentinin direktoru Nikita Styer mədəni mübadilənin və qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıb.
Xarkov Şəhəri Azərbaycanlı Qadınlar Cəmiyyəti "Aynur Xatun" ictimai birliyinin sədri Kifayət Cəfərova əl işi suvenir xalça təqdim edib. Dostluğun və mədəni varisliyin rəmzi kimi dəyərləndirilən hədiyyə iştirakçıların marağına səbəb olub.
Ardınca Azərbaycan icmasının nümayəndələri Milli Qurtuluş Günü ilə bağlı xatirələrini və düşüncələrini bölüşüblər.
Foto qalereya
Digər xəbərlər
