Vilnüsdə keçirilən festival Azərbaycan mədəniyyətinə marağı artırıb

10 sentyabr, 2026

Vilnüsdə keçirilən festival Azərbaycan mədəniyyətinə marağı artırıb

Litvanın paytaxtı Vilnüsdəki Bernardinlər bağında “Vilnius Is My City 2026” beynəlxalq icma festivalı keçirilib. Müxtəlif ölkələrin nümayəndələrini, mədəniyyət və qastronomiya xadimlərini bir araya gətirən tədbirdə ölkəmiz təmsil olunub.

Azərbaycanın festivaldakı iştirakı Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Litva üzrə koordinatoru Nərmin Əliyevanın təşəbbüsü ilə baş tutub.

Xalqlar arasında mədəni dialoqu və qarşılıqlı ünsiyyəti təşviq etmək məqsədilə təşkil edilən festival çərçivəsində 100 metr uzunluğunda ortaq masa qurulub. Qonaqlar müxtəlif xalqların milli mətbəx nümunələrini dadmaqla yanaşı, onların zəngin mədəniyyəti və adət-ənənələri ilə də tanış olublar.

Azərbaycan stendində ölkəmizin zəngin milli-mədəni irsi, ənənəvi ornamentlər və xalçaçılıq sənətinə aid nümunələr nümayiş olunub, ziyarətçilərə milli ornamentlərin və xalça naxışlarının rəmzi mənaları barədə ətraflı məlumat verilib. Bununla yanaşı, Azərbaycan mətbəxinin ləziz təamları və milli şirniyyatları qonaqların böyük marağına səbəb olub.

Festival çərçivəsində keçirilən “Vilnius Is My City Awards” mükafatlandırma mərasimində “Mədəni Vilnüs naminə” nominasiyasında Nərmin Əliyevanın təmsil etdiyi “SPEAK Lithuania” təşkilatı qalib elan edilib.

Azərbaycan icmasının “Vilnius Is My City 2026” festivalında fəal iştirakı ölkəmizin zəngin mədəni irsinin Litvada tanıdılması, Azərbaycan mədəniyyətinə marağın artırılmasına töhfə verib. Tədbir həmçinin Litvada yaşayan azərbaycanlıların ölkənin ictimai və multikultural həyatında fəal iştirakını nümayiş etdirib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər