Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib

29 oktyabr, 2026

Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib

ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən Bay Atlantik Universitetində “Qlobal körpülər – Azərbaycanı kəşf edək” (“Global Bridges - Discover Azerbaijan”) adlı mədəni-maarifləndirici tədbir keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Qlobal Təhsil, Mədəniyyət və Cəmiyyət Alyansının (“Global Education, Culture & Society Alliance-GECSA”) təşəbbüsü, eləcə də Bay Atlantik Univesitetinin əməkdaşlığı ilə baş tutan tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbirin əsas məqsədi Amerika ictimaiyyətini ölkəmizin zəngin tarixi, mədəni irsi, milli ənənələri, musiqisi, memarlığı və turizm imkanları barədə məlumatlandırmaq, mədəniyyətlərarası dialoqu təşviq etmək, eləcə də Azərbaycan və ABŞ xalqları arasında qarşılıqlı anlaşmanın və təhsil əlaqələrinin inkişafına töhfə vermək olub.

GECSA-nın təsisçisi və prezidenti Vüsal Quliyev açılış nitqində Alyansın məqsədləri və gələcək perspektivləri haqqında məlumat verib. Bildirib ki, bu təşəbbüs müxtəlif ölkələrin mədəniyyətlərini tələbələrə və yerli icmalara tanıtmaq, insanlar arasında qarşılıqlı anlaşmanı gücləndirmək və beynəlxalq təhsil-mədəniyyət mübadiləsi üçün yeni imkanlar yaratmaq məqsədi daşıyır. Soydaşımız  layihə çərçivəsində Azərbaycanın ilk ölkə kimi seçilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycanın bu təşəbbüsün başlanğıc nöqtəsi olduğunu, gələcəkdə isə digər ölkələrin tarixi, mədəniyyəti, təhsil imkanları və beynəlxalq təqaüd proqramlarının da Amerika auditoriyasına təqdim edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Bay Atlantik Universitetinin professoru, Qlobal Siyasət İnstitutunun prezidenti Paolo fon Şirak (Paolo von Schirach) Azərbaycanla bağlı şəxsi təcrübələrini və təəssüratlarını bölüşüb. O, ölkəmizə çoxsaylı səfərlərindən, eləcə də Azərbaycanın zəngin mədəni irsi və xalqımızın qonaqpərvərliyindən danışıb. Şuşada keçirilən Qlobal Media Forumlarında iştirakından bəhs edən professor Qarabağda aparılan bərpa və yenidənqurma işlərinə də toxunub.

Azərbaycan-Amerika Təşkilatları Alyansının (Alliance of Azerbaijani-American Organizations – AAAO) icraçı direktoru Nigar İbrahimova iştirakçılara Azərbaycanın tarixi, coğrafiyası, multikultural ənənələri, musiqisi, memarlığı və turizm potensialı barədə geniş təqdimat edib.

“Qlobal körpülər – Azərbaycanı kəşf edək” layihəsi GECSA-nın beynəlxalq mədəniyyət və təhsil mübadiləsini təşviq edən təşəbbüsünün ilk tədbiri olub. Layihənin növbəti mərhələlərində müxtəlif ölkələrin mədəniyyətinin və təhsil imkanlarının ABŞ-də tanıdılması, eləcə də beynəlxalq təhsil proqramları və tərəfdaşlıq əlaqələrinin inkişafı nəzərdə tutulur.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər