Krasnoyarskda Heydər Əliyevin 100 illiyi münasibətilə “Əsrlər boyu xalqların dostluğu” adlı konsert təşkil edilib
23 may, 2023Rusiya Federasiyasının Krasnoyarsk şəhərindəki diyar filarmoniyasında müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsrlər boyu xalqların dostluğu” adlı konsert keçirilib.
Krasnoyarsk diyarı Azərbaycan milli-mədəni muxtariyyəti regional ictimai təşkilatının təşəbbüsü, Krasnoyarsk diyarı qubernatorunun Administrasiyasının təşkilatçılığı və dəstəyi, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Mədəniyyət Nazirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin iştirakı ilə təşkil edilən tədbir Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində baş tutub.
Tədbirdə diyarın rəsmi şəxsləri, Azərbaycanın Rusiyadakı səfirliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Azərbaycan icmasının, yerli ictimaiyyətin və digər millətlərin 1200-dən çox nümayəndəsi iştirak ediblər.
Konsertdən öncə Azərbaycan nümayəndə heyətinin Krasnoyarsk diyarı qubernatorunun müavini vəzifəsini icra edən Vasili Nelyubinlə görüşü keçirilib. Görüşdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycanın Rusiyadakı səfirliyinin müşavir-elçisi Aqşin Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Tural Səfərov, Krasnoyarsk Azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin sədri Taleh Mahmudov və “Odlar Yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblının direktoru Səadət Qarayeva iştirak ediblər. Azərbaycan və Rusiya xalqları arasında mədəni əlaqələrin, dostluğun və diasporlararası münasibətlərin daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində çıxış edən nazir müavini Murad Hüseynov Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirin Krasnoraysk hökumətinin dəstəyi ilə keçirilməsinin yüksək qiymətləndirildiyini bildirib və dəvətə görə dərin minnətdarlığını ifadə edib. Mədəniyyət sahəsində gələcək perspektivlərdən söhbət açaraq, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində müvafiq addımların atılmasının zəruriliyini diqqətə çatdırıb.
Daha sonra Azərbaycanın Rusiyadakı səfirliyinin müşavir-elçisi Aqşin Əliyev fövqəladə və səlahiyyətli səfir Polad Bülbüloğlunun Krasnoyarsk diyarı hökumətinə salamlarını və minnətdarlığını çatdırıraq, ulu öndər Heydər Əliyevin Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi və onun surətli inkişafında əvəzsiz xidmətlərinin olduğunu diqqətə çatdırıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin adından görüş iştirakçılarını salamlayan Komitənin şöbə müdirinin müavini T.Səfərov yubiley tədbirində dəvətə görə təşkilatçılara – Krasnoyarsk diyarı hökumətinə və Krasnoyarsk Deputatlar Şurasının üzvü, “Azərbaycan milli-mədəni muxtariyyəti” regional ictimai təşkilatının sədri Taleh Mahmudova dərin minnətdarlığını bildirib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin çoxlu sayda soydaşımızın yaşadığı Krasnoyarsk şəhərində qeyd edilməsini, soydaşlarımızın öz tarixi vətənlərinin taleyinə biganə qalmadıqlarını sevindirici hal adlandırılıb.
Sonra Krasnoyarsk rəhbərliyinə Azərbaycanın Rusiyadakı səfirliyinin adından Heydər Əliyevin “Rusiyada ruhumun bir parçası var” fotoalbomu və “Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilib. Eyni zamanda Mədəniyyət Nazirliyi və Dövlət Komitəsi adından Azərbaycanın milli və mənəvi dəyərlərini özündə əks etdirən hədiyyələr görüş iştirakçılarına təqdim edilib.
Konsert zamanı Krasnoyarsk diyarı qubernatorunun müavini vəzifəsini icra edən Vasili Nelyubin və Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov tamaşaçıları salamlayıblar. Natiqlər mədəni irsimizin təkcə paytaxtlarda deyil, həm də regionlarda yayılmasını Azərbaycanla Rusiya arasında müasir mədəniyyət əməkdaşlığının fəqrləndirici xüsusiyyəti kimi səciyyələndiriblər. Heydər Əliyevin rəhbərliyi altında Sibirin ən mühüm nəqliyyat arteriyası olan Baykal-Amur magistralının tikintisinin həyata keçirildiyi, SSRİ-nin sənaye, maşınqayırma, təhsil və mədəniyyətin inkişafına əvəzsiz töhfələr verdiyi xatırlanıb.
M.Hüseynov bildirib ki, “Heydər Əliyev – Rusiyadan baxış” monoqrafiyasının Rusiyanın bir sıra regionlarında təqdim olunması, Rusiya Dövlət Dumasında isə “Heydər Əliyev. Əbədiyyət qədər ömür” adlı fotosərgi açılması Azərbaycanın görkəmli dövlət xadiminə nümayiş olunan diqqətin təzahürüdür. “Əgər o, Azərbaycanı mütərəqqi islahatlar yoluna çıxararaq doğma ölkəsini parçalanmaqdan xilas edibsə, rusiyalılar Heydər Əliyevi çoxlu sayda iqtisadi və sosial layihələrin təşəbbüskarı kimi xatırlayırlar”, - deyə nazir müavini vurğulayıb.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından diyar rəhbərliyinə və tədbirin təşkilatçılarına ünvanlanmış təşəkkür məktubu oxunub. Müraciətdə ölkələrimiz arasında hərtərəfli əlaqələrin möhkəmlənməsində Heydər Əliyevin rolu qeyd olunub.
Konsertdə Krasnoyarsk diyarının incəsənət ustalarının ifasında maraqlı repertuar təqdim olunub. Yaradıcı kollektivlərin arasında Krasnoyarsk dövlət akademik rəqs ansamblı, “Yenisey şəfəqləri” rəqs ansamblı, “Kedr fıstığı” rəqs ansamblı və “Odlar Yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblı olub.
Tədbir çərçivəsində Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş fotosərgi nümayiş etdirilib.
Foto qalereya
Digər xəbərlər