Türkiyədə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

23 yanvar, 2025

Türkiyədə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Türkiyənin Ankara və Kütahya şəhərlərində 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edilib.

Bu münasibətlə Ankara şəhərində “20 Yanvar faciəsinin Azərbaycanda müstəqillik prosesi və günümüzə təsirləri” mövzusunda panel təşkil olunub. Tədbir Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi və Türkiyə Siyasi və Strateji Araşdırmalar Vəqfinin (TÜRKPAV) birgə təşkilatçılığı ilə Türkiyənin Milli Kitabxanasının Konfrans salonunda baş tutub. Əvvəlcə 20 Yanvar faciəsində həlak olanların əziz xatirəsi ehtiramla yad olunub. Tədbirdə Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin sədri Arzuman Azaflı və TÜRKPAV sədri Dr. Sinan Demirtürk açılış nitqi ilə çıxış ediblər. Daha sonra məruzəçilər – Ankara Universitetinin professoru Cavid Abdullazadə, Karabük Üniversitetinin professoru Əli Əskər və Bayburt Universitetinin dosenti Ramin Sadık 20 Yanvar faciəsinin sosial və hüquqi aspektlərinə diqqəti yönəldib. Alimlər Qanlı Yanvar faciəsinin Azərbaycanın müstəqilliyinə gedən yolda qanlı, ancaq ən mühüm dönüş nöqtələrindən biri olduğunu qeyd ediblər. Beynəlxalq hüquqa görə insanlıq əleyhinə cinayət kimi qiymətləndirilməli olduğunu vurğulayıblar.

20 Yanvar faciəsinin 35-ci ildönümü əlaqədar Türkiyənin Kütahya şəhərindəki “Azərbaycan Parkı”nda Kütahya Azərbaycanlılar Kültür və Həmrəylik Dərnəyi "Qərənfilin ağladığı gün" adlı sərgi təşkil edib. Sərgiyə Kütahya valiliyinin əməkdaşları, digər rəsmi şəxslər və yerli sakinlər qatılıb. Dərnəyin sədri İlqar İdrisov çıxışında 20 Yanvar faciəsi haqqında məlumat verib, bu tarixin həm ağrılı, həm də qürurlu gün olduğunu diqqətə çatdırıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər