Rusiyada 20 Yanvar faciəsinin 35-ci ildönümü anılıb

23 yanvar, 2025

Rusiyada 20 Yanvar faciəsinin 35-ci ildönümü anılıb

Rusiya Federasiyasının müxtəlif regionlarında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

Şimali Osetiya – Alaniya Respublikasında Şimali Osetiya “Azərbaycanlılar Konqresi”nin Mərkəzi ofisində Konqresin fəxri prezidenti Şahin Məmmədov, Konqresin sədri Murtuza Gülməmmədov və konqres üzvlərinin iştirakı ilə 20 yanvar şəhidlərinin xatirəsi yad edilib. 20 Yanvarın xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi,  şərəfli bir tarix olduğu söylənilib. Qırğının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyi qeyd edilib.

Orenburq diasporunun ofisində keçirilən anım tədbirində diaspor sədri İlkin Kərimov, sədr müavini Rövşən Səfərov və diaspor nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhlarına dualar səsləndirilib.

Primorsk diyarının Ussuriysk şəhərində yaşayan soydaşlarımız 20 Yanvar faciəsi qurbanlarını yad edib. Tədbirdə Azərbaycanın tarixində Qanlı Yanvar kimi yadda qalan hadisənin xalqımızı susdurmaq məqsədilə ona qarşı törədilmiş ən böyük və dəhşətli cinayətlərdən biri olduğu bildirilib.

Perm diyarı Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbirdə Azərbaycan diasporunun və digər xalqların nümayəndələri iştirak ediblər. Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasıyla başlayan anım tədbirində 20 Yanvar hadisələrindən bəhs edən qısametrajlı film göstərilib. Milli-Mədəni Muxtariyyətinin sədri, Rusiyanın əmək veteranı Çingiz İsayev, Perm Dövlət Humanitar Universitetinin müəllimi Nəbi Balayev və Perm diyarı üzrə gənclər təşkilatının rəhbəri Bəhmən Qayıbov çıxış edərək bu hadisənin xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildiyini, müasir Azərbaycanın taleyində dönüş nöqtəsi olduğunu bildiriblər. Tədbirin sonunda 20 Yanvar faciəsini əks etdirən fotolar sərgilənib.

Krasnoyarskda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Krasnoyarsk diyarı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədr müavini Azər Mustafayev giriş nitqi söyləyib. Daha sonra muxtariyyətin sədr müavini Telman Tamoyev və bu faciənin canlı şahidləri, eyni zamanda gənclərlə iş üzrə sədr müavini Aqil Cəfərov çıxış edib. Sonda 20 Yanvar faciəsindən bəhs edən videoçarx göstərilib.

Xabarovsk diyarı “Azərbaycanlılar Birliyi” regional ictimai təşkilatının 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirində öncə bir dəqiqəlik sükut elan edilib. Birliyin rəhbəri Məmməd İsgəndərov çıxışında erməni diasporlarının diktəsi ilə Qorbaçovun zəif siyasət yürütdüyünü və keçmiş Sovet İttifaqının hərbi hissələrinin həm dənizdən, həm də qurudan Bakının dinc əhalisinə hücum edərək bəşəriyyətə qarşı görünməmiş qanlı cinayət törətdiyini söyləyib. Birliyin digər üzvləri Azərbaycan xalqının və ordusunun qəhrəmanlığını, möhkəmliyini diqqətə çatdırıb, tariximizi unutmamağın və gələcək nəsillərə ötürməyin vacibliyini vurğulayıblar.

Vladivostokdakı Azərbaycan diasporunun nümayəndələri də 20 Yanvar şəhidlərinin xatirəsini anıblar. Şəhidlərimizin xatirəsinə bir dəqiqlik sükutla başlayan tədbirdə hadisənin canlı şahidləri, diaspor nümayəndələri, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər. “20 Yanvar – azadlıq və xalqımızın mətanətinin dəyərini bizə xatırladan gündür”, – deyə Primorsk diyarındakı “Azərbaycan Konqresi” Milli-Mədəni İctimai Təşkilatının sədri Mərdan Novruzov bildirib. Ağsaqqallar Şurasının sədri, Milli-Mədəni İctimai Təşkilatının üzvü Əsəd Rəhmatullayev isə öz çıxışında harada yaşamasına baxmayaraq bu faciənin qurbanlarının xatirəsini anmağın hər bir azərbaycanlının borcu olduğunu qeyd edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər