Türkiyə ictimaiyyəti beynəlxalq təşkilatları Ermənistanın növbəti ekoloji təxribatının qarşısını almağa çağırıb
23 iyun, 2023Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) ölkəmizlə sərhəddə Ermənistanın ekoloji durumun gərginləşdirilməsi istiqamətində törətdiyi növbəti ekoloji təxribatla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Ətraf mühitin mühafizəsi üzrə beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda bildirilib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə – Yerasx (Arazdəyən) kəndində Ermənistanın 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodu tikməsi Türkiyədəki vətəndaş cəmiyyəti tərəfindən dərin hiddətlə qarşılanıb.
Bu reallığı Ermənistanın ekoloji vəziyyətin gərginləşməsi istiqamətində növbəti addımının ifşası adlandıran QHT-lər rəsmi İrəvanı beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarını kobud surətdə pozmaqda ittiham edib. Qeyd edilib ki, həmin müddəalara əsasən, öz ərazisində planlaşdırdığı belə iri təsərrüfat fəaliyyətinin digər ölkələrin, xüsusilə Azərbaycanın ərazisinə mənfi ekoloji təsiri olduğu üçün Ermənistan bu məqamı Azərbaycanın müvafiq qurumları ilə razılaşdırmalıdır.
Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən ekoloji hüquq normalarına riayət edilməməsinin ilk hal olmadığına diqqət cəlb edilib. Nəzərə çatdırılıb ki, bir müddət əvvəl Azərbaycan tərəfi Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı haqlı iddia ilə çıxış edib və bu, qonşu ölkənin Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılması ilə nəticələnib. Bundan başqa, Ermənistanın iri mədən müəssisələri – Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddət transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərməkdədir.
Ermənistanın öz qanunsuz fəaliyyətləri ilə ümumi regionun ekoloji mühiti üçün təhlükə yaratdığını bəyan edən QHT-lər bu məsələdə dünya azərbaycanlılarının haqlı tələblərinə qoşulduqlarını bildirib və beynəlxalq ictimaiyyəti Ermənistana güclü təzyiq göstərməyə çağırıb.
Bəyanatı aşağıdakı təşkilatlar imzalayıb:
1. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF)
2. Hatay Azərbaycan Evi
3. Eskişəhər Azərbaycanlılar Dərnəyi
4. Karabük Azərbaycanlılar Həmrəylik və Kültür və Sənət Dərnəyi
5. İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi
6. Kocaeli Derince Azərbaycan Evi Dərnəyi
7. Qars Azərbaycan Evi Dərnəyi
8. Adana Azərbaycan İş və Məslək Sahibi Qadinlar Dərnəyi
9. Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi
10. İzmir Azərbaycan Kültür Evi və Həmrəylik Dərnəyi
11. Edirne Azərbaycan Evi Dərnəyi
12. Ankara Azərbaycan Evi Dərnəyi
13. İstanbul-Azərbaycan Dostluq Dərnəyi
14. Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyi
15. Balıkesir Azərbaycan Evi Dərnəyi
16. Qars Azərbaycan Qafqaz Kültürləri və Həmrəylik Dərnəyi
17. Ankara-Bakı Tanıtma və Həmrəylik Dərnəyi
18. “Gəlcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı” Dərnəyi
19. “Azərbaycan Deyincə” Dərnəyi
20. Körfez Azərbaycan Kültür, İdman Klubu Dərnəyi
21. Gənc Azərbaycanlılar Dərnəyi
22. “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Dərnəyi
23. Bilecik Azərbaycan Qardaşlıq Dərnəyi
Digər xəbərlər