İsrailli sabiq nazir beynəlxalq ictimaiyyəti Qafqazda sülhü təşviq etməyə çağırıb

9 mart, 2023

İsrailli sabiq nazir beynəlxalq ictimaiyyəti Qafqazda sülhü təşviq etməyə çağırıb

Avropada ictimai rəyin formalaşmasında aparıcı mənbələrdən sayılan “Modern Diplomacy” media platformasında “Niyə indi dünya Qafqazda sülhü təşviq etməlidir?” sərlövhəli məqalə dərc olunub.

İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara qələmə aldığı məqalədə qeyd edib ki, dünya BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini həyata keçirərək öz torpaqlarını erməni işğalından azad etmiş Azərbaycanın regiondakı xüsusi çəkisi ilə barışmalı və sülhün ölkəmizin ədalətli mövqeyi prizmasından çıxış edilməklə əldə olunmasına kömək etməlidir. Onun fikrincə, hazırda regionda sülhün olmamasından əsas faydalananlar İran və Rusiyadır. Belə ki, İran üçün Ermənistan sanksiyalardan yan keçməyə kömək edən bir vasitədir. Ermənistanın Azərbaycanla sülh bağlayacağı gün dənizə çıxışı olmayan ölkə vəziyyətindən çıxacaq və qonşuları ilə sülh şəraitində inkişaf yoluna qədəm qoyacaq. Beləliklə, Ermənistan artıq Tehrandakı molla rejiminə arxalanmaqdan və adıçəkilən ölkənin vəkili olmaqdan qurtulacaq. İsrailli siyasətçi göstərilən səbəbdən İranın Ermənistanla Azərbaycan arasında sülhü pozmaq üçün bütün imkanlarından yararlandığını diqqətə çatdırıb.

Sabiq nazir Kremlə qarşı beynəlxalq sanksiyalara səbəb olan Ukraynadakı fiasko fonunda Rusiya üçün Azərbaycanla Ermənistan arasında münaqişənin saxlanılmasının özünün qlobal statusunu qoruyub saxlamaqdan ötrü açar olduğunu vurğulayıb. Belə ki, hazırda Qarabağda sülhməramlı statusunu qoruyub saxlamağa can atan Rusiya Laçın dəhlizi ilə silah qaçaqmalçılığına da icazə verib.

İsrailli politoloqun qənaətinə əsasən, qərblilər anlmalıdır ki, Qarabağdakı ermənilər üçün ən yaxşı gələcək onların Azərbaycanın bərabərhüquqlu vətəndaşları kimi ölkəmizə inteqrasiyasıdır. Amma bunun baş verməsi üçün beynəlxlaq ictimaiyyət Rusiya sülhməramlılarının nəzarəti altında reallaşan silah qaçaqmalçılığını qınamalı və bu qanunsuzluğa son qoymağa çalışan Azərbaycana rəğbətlə yanaşmalıdır, çünki silah qaçaqmalçılığı iki tərəf arasında uğurlu sülhə ciddi maneədir.

Məqalənin sonunda sabiq nazir Laçın dəhlizi boyu gerçəkləşdirilən silah qaçaqmalçılığını qətiyyətlə pislədiyini və bu ərazidə son günlər baş vermiş insan tələfatına görə dərin təəssüf hissi keçirdiyini dilə gətirib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://moderndiplomacy.eu/2023/03/08/why-the-world-must-encourage-peace-in-the-caucasus-now/

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər