Tbilisidə azərbaycanlı müəllimlərə həsr olunan kitab təqdim edilib
15 sentyabr, 2026
Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Əməkdar jurnalist Nadir Almazoğlunun müəllifi olduğu “İşıqlı gələcək bəxş edən müəllimlərimiz” kitabının ikinci hissəsinin təqdimatı keçirilib.
Tədbirdə ictimaiyyət nümayəndələri, ali təhsil müəssisələrinin professorları, məktəb direktorları, müəllimlər, ziyalılar və gənclər iştirak ediblər.
Təqdimat müəllifin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başlayıb.
Çıxışlarda Nadir Almazoğlunun Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərin müəllimlərinə göstərdiyi diqqət yüksək qiymətləndirilib. Kitabda onlarla müəllim haqqında bioqrafik məlumatların yer aldığı və nəşrin bu mövzuda ilk nümunələrdən biri olduğu vurğulanıb.
Tədbirdə Azərbaycanlı müəllimlərin Gürcüstanın ictimai və təhsil həyatında mühüm rol oynadığı, gənc nəslin yetişdirilməsinə, eləcə də Azərbaycan və Gürcüstan xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyi qeyd edilib.
Sonda Nadir Almazoğlu 60 illik yubileyi münasibətilə və Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafına verdiyi töhfələrə görə muzeyin rəhbərliyi tərəfindən mükafatla təltif olunub.
Foto qalereya
Digər xəbərlər
