Tarixi Zəfər Ukraynada yaşayan soydaşlarımızı bir araya gətirib

18 noyabr, 2026

Tarixi Zəfər Ukraynada yaşayan soydaşlarımızı bir araya gətirib

Ukraynanın Dnepropetrovsk və Odessa şəhərlərində 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. Tədbirlərdə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyəti, Azərbaycan Ordusunun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası diqqətə çatdırılıb.

Dnepropetrovsk şəhərində fəaliyyət göstərən “Dnepropetrovsk Azərbaycanlıları Liqası” Milli-Mədəni Mərkəzinin nəzdindəki həftəsonu məktəbində təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən müharibəsində həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin direktoru Yaqut Bəşirova Vətən müharibəsinin əsas tarixi mərhələləri, torpaqlarımızın işğaldan azad olunması və Böyük Qayıdış prosesi barədə məlumat verib. Məktəblilər Zəfər Gününə həsr olunan şeirlər və mahnılar ifa edib, milli rəqslərimizi təqdim ediblər. İştirakçılar, həmçinin Azərbaycanın tarixi, dövlət müstəqilliyi, milli kimliyin və ana dilinin qorunmasının əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Odessa şəhərində isə “Birlik” Odessa azərbaycanlıları diaspor təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təşkilatın sədri Cəlil Astanov Zəfər Gününün Azərbaycan xalqının tarixindəki xüsusi yerindən danışıb. Digər çıxışçılar 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan bəhs edib, tarixi Qələbənin xalqımızın milli birliyinin, həmrəyliyinin və Vətənə bağlılığının təcəssümü olduğunu vurğulayıblar. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər