Tanınmış ürək cərrahı Şapur Ənsərinin 90 illik yubileyidir

4 iyun, 2026

Tanınmış ürək cərrahı Şapur Ənsərinin 90 illik yubileyidir

ABŞ-də yaşayan, əslən Cənubi Azərbaycandan olan tanınmış ürək cərrahı Şapur Ənsərinin 90 yaşı tamam olub.

1936-cı ildə Marağada anadan olan Şapur Ənsəri ali təhsilini Tehran Tibb Universitetində alıb. Təhsilini başa vurduqdan sonra İranda ABŞ Səfirliyinin təşkil etdiyi müsabiqədə uğur qazanaraq ABŞ-yə dəvət olunub və peşəkar fəaliyyətini bu ölkədə davam etdirib.

Uzun illər ərzində tibb sahəsində mühüm nailiyyətlərə imza atan Şapur Ənsəri beynəlxalq səviyyədə tanınan mütəxəssislərdən biridir. O, ABŞ-nin Miçiqan ştatında fəaliyyət göstərən Corctaun Universitetində ürək cərrahı kimi çalışıb, ürək cərrahiyyəsində lazer texnologiyasının tətbiqi ilə bağlı mühüm yeniliyin müəllifi olub. Bu sahədəki ixtirası onun adına patentləşdirilib. Hazırda isə ABŞ-də özəl xəstəxananın sahibidir.

O, yalnız tibb sahəsindəki uğurları ilə deyil, həm də Azərbaycanın, onun milli-mədəni irsinin ABŞ-də təbliği istiqamətində göstərdiyi fəaliyyətlərlə tanınır. Müxtəlif təşəbbüs və tədbirlər vasitəsilə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına və ölkəmizin mədəniyyətinin tanıdılmasına mühüm töhfələr verib.

1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin ABŞ-yə səfəri zamanı Azərbaycan icmasının nümayəndələri ilə keçirilən görüşdə iştirak edən Şapur Ənsəri Azərbaycan–ABŞ münasibətlərinin inkişafına dair fikirlərini bölüşüb.

Tanınmış cərrah 2024-cü il aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib. Forumdan əvvəl təşkil olunan görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov soydaşımız Şapur Ənsəri ilə fikir mübadiləsi aparıblar. Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli Sərəncamına əsasən “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı Şapur Ənsəriyə təqdim edilib. O, şəxsiyyətinə və fəaliyyətinə göstərilən bu yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Şapur Ənsəri 2024-cü ildə Azərbaycana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa və Cəbrayıl rayonlarında olub, həmçinin Xudafərin körpüsünü ziyarət edib.

Azərbaycan diasporunun fəal nümayəndələrindən olan Şapur Ənsəri ABŞ-də fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin binasının (hazırda Amerika–Azərbaycan Ticarət Palatasının yerləşdiyi bina) alınmasında mühüm rol oynayıb.

Ömrünün 90-cı ilini qeyd edən Şapur Ənsəri peşəkar fəaliyyəti, elmi nailiyyətləri, xeyriyyəçilik fəaliyyəti və Azərbaycan diasporunun inkişafına verdiyi töhfələrlə böyük hörmət qazanan soydaşlarımızdandır.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Şapur Ənsərini 90 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni uğurlar arzulayır.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər