Süleyman Sani Axundovun “Qaraca qız” əsəri ilk dəfə Koreya dilində nəşr olunub
12 may, 2026
Koreya Respublikasında yaşayan diasporumuzun fəal üzvü, Seulun fəxri vətəndaşı Leyla Məsimli Azərbaycan uşaq ədəbiyyatının incilərindən sayılan “Qaraca qız” əsərini Koreya dilinə çevirib. Əsər Koreyada “Boşluqları olan kitab rəfi” nəşriyyatının dəstəyi ilə ilk dəfə nəşr olunaraq oxuculara təqdim edilib.
Nəşr Azərbaycan ədəbiyyatının Koreyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Layihə, eyni zamanda Azərbaycan ilə Koreya arasında mədəni əlaqələrin inkişafına töhfə verən vacib təşəbbüslərdən biri kimi qiymətləndirilir.
Leyla Məsimli, həmçinin 2024-cü ildə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Azərbaycan xalq nağıllarından ibarət 7 əsəri, 2025-ci ildə isə türkdilli xalqların qədim ədəbi abidəsi olan Kitabi-Dədə Qorqud dastanının 6 boyunu Koreya dilinə çevirərək nəşr etdirib.
Bununla yanaşı, soydaşımız Koreyada məktəblərdə və müxtəlif qurumlarda mədəniyyətimizlə bağlı mühazirələr oxuyur, həmçinin İNHA Universitetində Azərbaycan multikulturalizmi və dövlət siyasəti üzrə dərslər keçir. O, Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verdiyi töhfələrə görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.
Məlumat üçün bildirək ki, İNHA Universiteti ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq əlaqələri mövcuddur.
Foto qalereya
Digər xəbərlər
