Stokholmda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib
14 may, 2026
İsveçin paytaxtı Stokholmda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən musiqili tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin və İsveçdə yaşayan soydaşımız, pianoçu Aynur Məlikovanın təşkilatçılığı ilə baş tutub.
Stokholm Tarix Muzeyinin “Barokko” zalında keçirilən tədbirdə Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin əməkdaşları, Şimali Kipr Türk Cümhuriyyətinin Stokholmdakı nümayəndəliyinin rəhbəri Hakan Aksoy, İsveçin müxtəlif şəhərlərindən Azərbaycan diasporunun nümayəndələri və Danimarkadan gələn qonaqlar iştirak edib.
“Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin rəhbəri Səadət Kərimi Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsində və beynəlxalq nüfuzunun artmasında göstərdiyi misilsiz xidmətlərindən danışıb. O, bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın mədəni irsinin qorunmasına verdiyi töhfələrlə tarixdə əbədi iz qoyub.
Tədbirin bədii hissəsində azərbaycanlı tarzən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, respublika və beynəlxalq müsabiqələr laureatı Səxavət Məmmədovun, pianoçu Aynur Məlikovanın və isveçli fleyta ifaçısı Katrin Sponberqin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Qara Qarayevin “İldırımlı yollarla” baletindən parça, Fikrət Əmirovun “6 miniatür” əsəri, Niyazinin “Arzu” romansı, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən “Türk qızlarının rəqsi”, eləcə də Vittorio Montinin “Çardaş”ı, Astor Pyatsollanın “Libertanqo”su və digər əsərlər böyük maraq və heyranlıqla dinlənilib.
Foto qalereya
Digər xəbərlər
