Soydaşlarımız “2025 Tri-Valley Asiya İrsi” adlı mədəniyyətlərarası tədbirdə iştirak edib

14 may, 2025

Soydaşlarımız “2025 Tri-Valley Asiya İrsi” adlı mədəniyyətlərarası tədbirdə iştirak edib

ABŞ-nin Kaliforniya ştatında yerləşən “Dublin İncəsənət və Təhsil Mərkəzi”ndə “2025 Tri-Valley Asiya İrsi” adlı mədəniyyətlərarası tədbir keçirilib. “Dublin İncəsənət və Təhsil Mərkəzi” ilə “Asiyalı və Sakit Okean Adalı Amerikalıların İctimaiyyətlə Əlaqələr Assosiasiyası”nın (Asian Pacific Islander American Public Affairs Association-APAPA)  birgə təşkil etdiyi tədbirə 500 nəfərdən çox insan qatılıb.

Tədbirdə Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti də iştirak edib. Cəmiyyətin nəzdində fəaliyyət göstərən incəsənət ustaları maraqlı çıxışlar sərgiləyiblər. Tanınmış xoreoqraf Rozi Alməmmədovanın rəhbərlik etdiyi Azərbaycan rəqs ansamblının “Yallı” rəqsi və Anar Allahverdiyevin “Sound of Fire” (“Od Səsi”) qrupunun nağara ifası izləyicilərin alqışları ilə qarşılanıb.

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti tədbirin təşkilinə görə təşkilatçılara,  rəqs və nağara dərslərinə göstərdiyi dəstək üçün isə Diasporla iş üzrə Dövlət Komitəsinə təşəkkür ediblər.

Qeyd edək ki, Asiya, Amerika və Sakit Okean Adaları İrsi Ayı (APA Heritage Month) ənənəvi olaraq hər ilin may ayında keçirilir. Tədbirdə ABŞ-də yaşayan Asiya və Sakit Okean Adaları mənşəli insanların tarixi, mədəniyyəti təbliğ olunur. “2025 Tri-Valley Asiya İrsi” mədəniyyətlərarası tədbirdə Vyetnam, Çin, Hindistan, Yaponiya və Latın Amerikası ölkələrinin nümayəndələri, Dublin, Plizanton və San Ramon şəhərlərinin merləri, qeyri-kommersiya təşkilatlarının rəhbərləri və APAPA nümayəndələri iştirak ediblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər