İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzində kitab təqdimatı keçirilib
14 may, 2025
İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzində “Neft və Qələbə. 1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində Azərbaycan neftçilərinin qəhrəmanlıq nailiyyətləri” ("Нефть и Победа. Героические свершения азербайджанских нефтяников в годы Великой Отечественной войны 1941-1945 гг”) adlı kitabın təqdimatı keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və faşizm üzərində qələbənin 80 illik yubileyi xatırlanıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunmasında və dövlətin qurulmasında göstərdiyi misilsiz xidmətlərdən, dövlət idarəçiliyi, siyasi bacarığı və ölkənin gələcəyini formalaşdırmağa verdiyi töhfələrdən bəhs olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Sholumi” Mərkəzinin nəşr etdiyi kitabda İkinci Dünya müharibəsi illərində Bakı və Kuybışev vilayətindəki neftçilərimizin qəhrəmanlıqlarından, fədakar əməyindən, həmçinin onların müharibənin ağır şəraitində ölkə iqtisadiyyatına verdiyi töhfələrdən bəhs olunub. Faşizm üzərində qələbədə Azərbaycan neftinin və Bakı neftçilərinin müstəsna rolu xüsusi vurğulanıb. Kitabın müəllifi Yakov Aqarunovdur. O, Qubada anadan olub və Sovet dövrünün siyasi həyatında iştirak edib.
Tədbirdə çıxış edən “Azİz - İsrail və Azərbaycan Xalqlararası Əlaqə” Assosiasiyasının icraçı direktoru Şaul Siman-Tov və Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman kitab haqqında məlumat veriblər. Müəllifi Yakov Aqarunovun kitabdakı hadisələrin birbaşa iştirakçısı olduğunu və bununla bağlı xatirələrini oxucularla bölüşdüyünü qeyd ediblər. Kitabın əvvəlki iki nəşrinin 1991 və 2010-cu illərdə Bakıda işıq üzü gördüyü diqqətə çatdırılıb.
Foto qalereya
Digər xəbərlər