Şimali Karolinada Azərbaycan mədəniyyətinə böyük maraq göstərilib
15 sentyabr, 2026
ABŞ-nin Şimali Karolina ştatının Fyukue-Varina şəhərində ənənəvi Beynəlxalq Mədəniyyət Festivalı keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Dostluq Təşkilatı (AFO) tədbirdə ölkəmizi təmsil edib.
Ölkəmizə məxsus stenddə Azərbaycanın zəngin tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri, mətbəxi, xalçaçılıq sənəti və adət-ənənələri barədə məlumat verilib. Bununla yanaşı, tədbir iştirakçılarına Azərbaycan haqqında təbliğat materialları təqdim olunub.
Festival çərçivəsində Azərbaycan Dostluq Təşkilatının rəqs kollektivi xalq rəqslərimizi nümayiş etdirib. Milli geyimlərdə təqdim olunan rəqs proqramı iştirakçıların böyük marağı ilə qarşılanıb.
Fyukue-Varina şəhərinin meri Uilyam Bill Harris Azərbaycan stendini ziyarət edib. Görüş zamanı Şimali Karolinada yaşayan Azərbaycan icmasının, eləcə də təşkilatın mədəni-maarifçilik fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
Təşkilatın sədri Adika İqbal bildirib ki, bu cür beynəlxalq mədəniyyət tədbirlərində iştirak Azərbaycanın zəngin mədəni irsinin tanıdılması, müxtəlif icmalar arasında dostluq münasibətlərinin və qarşılıqlı anlaşmanın daha da gücləndirilməsi baxımından mühüm rol oynayır.
Qeyd edək ki, Azərbaycan Dostluq Təşkilatı Azərbaycanın tarixini, dilini və mədəniyyətini Amerika ictimaiyyətinə tanıtmaqla yanaşı, ABŞ-də yaşayan soydaşlarımızla yerli icmalar arasında dostluq və qarşılıqlı anlaşmanın gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Foto qalereya
Digər xəbərlər
