Sabiq nazir İsraili Cənubi Qafqazda sülhdən əsas faydalanacaq tərəf adlandırıb

7 iyun, 2023

Sabiq nazir İsraili Cənubi Qafqazda sülhdən əsas faydalanacaq tərəf adlandırıb

Əgər Ermənistan və Azərbaycan öz aralarında sülhə nail olsa, İsrail bundan əsas faydalanan tərəf olacaq.

Bunu İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara özünün ABŞ-ın populyar “Jewish News Syndicate” nəşrində dərc olunmuş “İsrail, Rusiya və Cənubi Qafqazda sülh” sərlövhəli məqaləsində bildirib.

Qeyd olunub ki, sözügedən sülh əldə olunacağı təqdirdə, Rusiya Cənubi Qafqazda təsirini itirə bilər, lakin İsrailin qazanacağı çox şey var. Belə ki, Qarabağın minadan təmizlənmiş ərazisi Azərbaycana İsrail texnologiyasından istifadə edərək buğda sahələri ilə dolu münbit region yaratmağa imkan verəcək. Azərbaycan daha sonra həmin buğdanı İsrailə ixrac edərək, Ukraynadakı müharibə səbəbindən ərzaq təhlükəsizliyi təhdid altında olan ölkənin bu təhdidi aradan qaldırmasına əhəmiyyətli töhfə verə bilər. 

Eyni zamanda vurğulanıb ki, İsrailin artıq Qarabağ bölgəsində süd ferması fəaliyyət göstərir və bu ölkə kibbuts modeli əsasında özünün kənd təsərrüfatının inkişafına təsir etmək üçün daha çox şey edə bilər. Habelə İsraildə fəaliyyət göstərən Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi Azərbaycan üçün bu il kənd təsərrüfatı üzrə ixtisaslaşmış 50 mütəxəssis hazırlayacağını bəyan edib. Mərkəzdən bildirilib: “Azərbaycan kənd təsərrüfatını öz iqtisadiyyatının şaxələndirilməsi üçün dörd prioritet sektordan biri kimi müəyyənləşdirib. Əsas məhsulları buğda, arpa, kartof, qarğıdalı, pambıq, üzüm, tərəvəz, meyvə, tütün və çay olan kənd təsərrüfatı Azərbaycanda əhalinin 37%-ni işlə təmin edən ən böyük işəgötürəndir”.

Sabiq nazir qeyd olunanlar fonunda Azərbaycanla Ermənistan arasında sülh əldə olunacağı halda, regionun kənd təsərrüfatı potensialının kəskin şəkildə artacağını və bunun ölkəmizin kənd təsərrüfatı məhsullarının İsrailə, İsrail texnologiyasının isə Azərbaycana ixracının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracağını proqnozlaşdırıb. Sülh sazişindən Ermənistanın da uduşla cıxacağını vurğulayan israilli politoloq bu qənaətdədir ki, həyatda qalmaq üçün Rusiya və İran kimi beynəlxalq təcridə məruz qalan dövlətlərə arxalanan ərazicə kiçik, dənizə çıxışı olmayan və blokadada qalan bir ölkə olmaq əvəzinə, Ermənistan Azərbaycan və Türkiyə ilə ticarət əsasında yenidən qurulmuş iqtisadiyyatla inkişaf yoluna qədəm qoya bilər.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jns.org/jns/russia/23/6/4/292565/

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər