Rusiyanın Ryazan şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib

30 may, 2023

Rusiyanın Ryazan şəhərindəki Maksim Qorki adına Universal Elmi Kitabxanada “Heydər Əliyevin Rusiya Federasiyası və Azərbaycan Respublikası əməkdaşlığının inkişafına töhfələri” mövzusunda dəyirmi masa keçirilib.

Rusiyanın Ryazan şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib

Ryazan regional ictimai təşkilatı “Bulaq” Azərbaycan Mədəniyyətinin İnsan Hüquqları Mərkəzinin təşkilatçılığı və Millətlərarası Mədəniyyət Mərkəzinin iştirakı ilə baş tutan tədbir müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Azərbaycanın Müstəqillik Gününə həsr olunub. 

Tədbir iştirakçılarını salamlayan “Bulaq” Azərbaycan Mədəniyyətinin İnsan Hüquqları Mərkəzi”nin sədri Elşən Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti haqqında məlumat verib, onunla bağlı xatirələrini bölüşüb. 

Tədbirdə çıxış edən professor, kənd təsərrüfatı və biologiya elmləri doktoru Fərman Nağdəliyev və başqaları “Rusiyanın iqtisadi və siyasi həyatında Heydər Əliyevin rolu”, “Peşəkar milli kadrların hazırlanmasında Heydər Əliyevin uzaqgörən siyasəti”, “Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində Heydər Əliyevin rolu” mövzularında məruzələrlı çıxış ediblər. 

Müzakirələrdə Federal Penitensiar Xidmətin Hüquq və İdarəetmə Akademiyasının kursant və müəllimləri, milli-mədəni təşkilatların sədrləri və qonaqlar iştirak ediblər. Qeyd edilib ki, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev dost ölkələrin bərabərlik, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlığının əsasını qoyub. 

Dəyirmi masa çərçivəsində Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğunun dəstəyi ilə ərsəyə gətirilmiş “Rusiyadan baxış” sənədli filmi nümayiş etdirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər