Rusiyanın müxtəlif şəhərlərində Azərbaycanın Müstəqillik Günü bayram edilib
31 may, 2023
Rusiyanın Solikamsk və Xabarovsk şəhərlərində 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə bayram şənlikləri keçirilib.
Solikamsk şəhərinin “Solyanaya versta” adlı mənzərəli ərazisində baş tutan “Xalqlar Dostluğu Naminə” konsert proqramı Solikamskdakı Azərbaycan icmasının təşkilatçılığı və şəhər administrasiyasının dəstəyi ilə gerçəkləşdirilib.
Tədbirdə çıxış edən Solikamsk şəhəri üzrə azərbaycanlıların regional ictimai milli-mədəni muxtariyyətinin sədri Uğur Əfəndiyev və Solikamsk şəhər dairəsi administrasiyasının daxili siyasət idarəsinin rəisi Svetlana Andreyeva soydaşlarımızı bu mühüm tarixi hadisə münasibətilə təbrik ediblər. Xalqların birliyinin və dostluğunun ölkələrin gələcək rifahı üçün ən möhkəm təməl olduğunu vurğulayıblar.
Konsertdə müxtəlif yaradıcılıq kollektivləri iştirak ediblər.
“Azərbaycanlıların Birliyi” Xabarovsk Diyarı İctimai Təşkilatı tərəfindən Xabarovsk şəhərində təşkil edilən bayram tədbirində isə yerli hakimiyyətin, ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan “Azərbaycanlıların Birliyi”nin sədri Məmməd İsgəndərov bildirib ki, Azərbaycanın Müstəqillik Günü ilə yanaşı, Xabarovsk Şəhər Gününü də qeyd edirlər. Mühüm tarixi bayramın önəmindən danışan birlik sədri tədbir iştirakçılarını bayramlar münasibətilə təbrik edib.
Tədbirdə çıxış edən Xabarosk şəhər İctimai Palatasının sədri, Uzaq Şərq Dövlət Bədən Tərbiyəsi Akademiyasının rektoru Sergey Qolitsin, “Sakit Okean Dövlət Universiteti” Federal dövlət büdcəli ali təhsil müəssisəsinin professoru Vurğun Mehdiyev xalqımızın ünvanına ürək sözlərini və xoş arzularını söyləyiblər.
Tədbir müxtəlif əyləncəli oyunlar və konsert proqramı ilə davam edib.
Tədbir çərçivəsində Azərbaycanın tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi nümayiş etdirilib.
Foto qalereya
Digər xəbərlər