Rusiyada yaşayan azərbaycanlı şairin kitablarının təqdimatı keçirilib
29 aprel, 2025
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Rusiyada yaşayan şair, yazıçı Eldar Əhədovun “Avrasiyanın türk toponimləri” və “Bizim yaddaşımızın məbədi” kitablarının təqdimat mərasimi keçirilib.
Şərqşünas, türkoloq alim, Azərbaycanın Əməkdar elm xadimi, professor Tofiq Məlikli tədbiri giriş sözü ilə açaraq Eldar Əhədovun çoxşaxəli yaradıcılığından bəhs edib.
Filologiya elmləri doktorları, professorlar - Minaxanım Təkəli, Abid Tahirli, Nuridə Novruzova, Flora Naci, Həbib Zərbəliyev, ərəbşünas alim Fazil Güney, Milli Məclisin deputatı Fazil Mustafa və başqaları Sibirin hər qarışında türkün köklərini axtaran geoloq-neftçi, şair-publisist Eldar Əhədovun yazdıqlarının təsir gücündən danışıblar. Publisistik dillə milli kimliyimizin tanıdılmasına xidmət edən, Türk etnosunun mahiyyətini açmağa çalışan Eldar Əhədov neft yataqlarının qazıntısında belə poetik düşüncələrini qələmə alıb.
Tədbirdə iştirak edən Diasporla İş Üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Səfərov şair haqqında Böyük Rus Ensiklopediyasında ətraflı bəhs olunduğunu və onun yaradıcılığını, seçilmiş əsərlərini bütün dünyaya tanıtmalı olduğumuzu deyib.
Şair öz növbəsində yazdığı şeirlərdən bir neçəsini səsləndirib və onun əməyinə qiymət verən ziyalılara, qələm dostlarına öz minnətdarlığını bildirib.
Foto qalereya
Digər xəbərlər