Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib
19 may, 2025
Kostanay şəhərindəki "Birlik" İctimai Birliyinin təşkilatçılığı ilə Kostanay Mühəndislik və İqtisad Universitetində (KinEU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib.
Görüşdə yerli dövlət qurumlarının nümayəndələri, müxtəlif icmaların təmsilçiləri, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ölkəmizdən gedən elm adamları və diasporun fəal üzvləri iştirak ediblər.
Tədbir elmi konfransla başlayıb. Konfransda Azərbaycan Dillər Universitetinin müəllim heyətinin üzvləri Sevdagül Əliyeva və Şükufə Cabbarova çıxış edərək Azərbaycan və Qazaxıstan xalqları arasındakı dostluq münasibətlərindən danışıb, bu əlaqələrin formalaşmasında Heydər Əliyevin müstəsna rolunu vurğulayıblar.
Kostanay vilayətinin akimatının (yerli icra hakimiyyəti orqanı) İctimai İnkişaf İdarəsi sədrinin müavini Kazez Kayrat Talğatulı və KinEU rektoru Rixsibay Mamedov çıxışlarında iki ölkə arasındakı tarixi və mədəni əlaqələrdən bəhs edib, təhsil sahəsində mümkün əməkdaşlıq perspektivlərini diqqətə çatdırıblar.
Tədbir daha sonra konsert proqramı ilə davam edib. Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova öz çıxışı ilə tədbirə xüsusi rəng qatıb.
Foto qalereya
Digər xəbərlər