Qarsda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
13 may, 2026
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Türkiyənin Qars şəhərində yerləşən Heydər Əliyev Parkında anım mərasimi keçirilib.
Azərbaycanın Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə Azərbaycanın Qars şəhərindəki Baş konsulu Zamin Əliyev, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Ədalət Turan, müşaviri Pərviz Məmmədzadə, Yeni Azərbaycan Partiyasının Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə Ərazi Partiya təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, “Azərbaycandan Qarsa: Sazın-sözün körpüsü” adlı tədbirdə iştirak edən Azərbaycan və Türkiyədən musiqiçilər, yerli dərnək və media nümayəndələri, Qarsda yaşayan azərbaycanlılar, eləcə də Baş Konsulluğun əməkdaşları iştirak ediblər.
Baş konsul Zamin Əliyev Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinin formalaşması və inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi rolundan bəhs edib, “Bir millət, iki dövlət” prinsipinin bu gün də iki ölkə arasındakı münasibətlərin əsasını təşkil etdiyini diqqətə çatdırıb. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikrini xatırladan baş konsul, 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin heç vaxt unudulmayacağını bildirib.
Digər natiqlər Ulu Öndər Heydər Əliyevin 2002-ci ildə Qarsa səfəri zamanı yaşanan xoş xatirələri yad edib, onun keçdiyi zəngin həyat yolu, yüksək dövlətçilik fəaliyyəti, şəxsi və peşəkar keyfiyyətləri, eyni zamanda Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafına verdiyi mühüm töhfələrdən danışıblar.
Foto qalereya
Digər xəbərlər
