Qarsda fəaliyyət göstərən Heydər Əliyev Təhsil Mərkəzinə 100 kitab hədiyyə edilib

31 oktyabr, 2023

Qarsda fəaliyyət göstərən Heydər Əliyev Təhsil Mərkəzinə 100 kitab hədiyyə edilib

Türkiyənin Qars şəhərində yaşayan tanınmış alim Hacalı Nəcəfoğlu müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Qars Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Təhsil Mərkəzinə 100 kitab hədiyyə edib.

Qars Qafqaz Universitetinin Fənn-ədəbiyyat fakültəsinin kimya bölümünün müəllimi Prof. Dr. Hacalı Nəcəfoğlu bildirib ki, bu əlamətdar günlərdə kitab hədiyyə etmək qərarına gəlib: “Ulu öndər Mustafa Kamal Atatürk tərəfindən qurulan Türkiyə Cümhuriyyətinin 100 illiyi və həyatını Azərbaycan dövlətçiliyinə həsr etmiş, Cümhuriyyətimizlə həmyaşıd Heydər Əliyevin anadan olmasının 100 illiyinin keçirildiyi 2023-cü ildə şəxsi kitabxanamdan müasir Azərbaycan dövlətinin qurucusunun adını daşıyan mərkəzə 100 kitab bağışladım”.

H.Nəcəfoğlu təhsil mərkəzi kimi qurulan, yaranmasında və fəaliyyətində özünün də əməyi olan bu məkanın araşdırma mərkəzinə çevrilməsini arzuladığını bildirib: “Müstəqillik dövründə qardaş Azərbaycan Respublikasında gedən ictimai, siyasi, iqtisadi və mədəni inkişaf dinamikasının elmi şəkildə araşdırılması Türkiyənin Qafqaz və Türküstanla bağlı siyasətinin formalaşmasına töhfə verəcək. Mən mərkəzin öz fəaliyyətini müasir tələblərə cavab verə biləcək tədqiqat strategiyasına uyğun quracağına inanıram”.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayının iştirakçısı olan H.Nəcəfoğlu Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Qars Qafqaz Universitetinin nəzdindəki Heydər Əliyev Təhsil Mərkəzi 2007-ci ildən etibarən fəaliyyət göstərir. Mərkəz Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Qarsdakı Baş konsulluğunun təşkilatçılığı ilə açılaraq, universitetin müəllim və tələbələrinin istifadəsinə verilib. Müasir tədris vasitələri ilə təchiz edilmiş, Azərbaycan tarixi, dili, ədəbiyyatı və mədəniyyətinə dair kitabların toplandığı mərkəzdə Qafqaz Universitetinin fəxri doktoru adına layiq görülmüş Heydər Əliyevin həyat və fəaliyyətini, Qarsda və Qafqaz Universitetində keçirdiyi günləri əks etdirən sərgi də nümayiş etdirilir. 15 ildən artıqdır ki, təhsil və təlimə öz töhfələrini verən mərkəz iki mindən çox kitabdan ibarət kitabxanası ilə Azərbaycan türkcəsi, ədəbiyyatı, tarixi və mədəniyyəti ilə bağlı araşdırmaların aparıldığı məkana çevrilib. Mərkəz türk dünyasının görkəmli liderlərindən biri olan Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən bir sıra tədbirlərə ev sahibliyi edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər