Milli Qəhrəman Albert Aqarunovun xatirəsi yad edilib
28 aprel, 2025.jpeg)
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum gününə həsr olunan anım tədbiri keçirilib.
Azərbaycan Respublikasının “Veteran Tankçılar” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan mərasimdə Albert Aqarunovun qardaşı Rant Aqarunov və digər ailə üzvləri, qəhrəmanın döyüş yoldaşları, Milli Məclisin, Müdafiə Nazirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, Dağ Yəhudiləri dini icmasının, STİMEGİ və digər yəhudi təşkilatlarının təmsilçiləri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəmanın Şəhidlər xiyabanındakı məzarı ziyarət olunub.
Anım tədbiri Nərimanov rayonunda Albert Aqarunovun xatirəsinə ucaldılmış abidənin önündə davam edib. Çıxışçılar Albertin şücaətindən və vətənpərvərliyindən danışıblar. Qorxmazlığı ilə silahdaşlarının böyük hörmətini qazandığı, bütün ölkədə tanındığı nəzərə çatdırılıb.
Albert Aqarunovun ailə üzvləri Rant Aqarunov və Raqibə Qurbanova Diasporla İş üzrə Dövlət Komitəsində olub. Onlarla görüşən sədr Fuad Muradov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində Milli qəhrəmanların və onların şanlı döyüş yolunun təbliğinin əhəmiyyətini vurğulayıb. Albert Aqarunovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan xalqına təşəkkür edib, qəhrəmanın əziz xatirəsinin hər zaman ehtiramla yad olunmasını yüksək qiymətləndiriblər.
Xatırladaq ki, Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakı şəhərində anadan olub. 1991-ci ilin oktyabrında könüllü olaraq Milli Ordu sıralarına yazılan yəhudi əsilli 23 yaşlı Albert Aqarunov Azərbaycanın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. 533 saylı tankın komandiri olaraq düşmənin çoxlu sayda hərbi texnikasını məhv edib.
1992-ci il mayın 8-də Şuşa-Laçın yolunda gedən ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Foto qalereya
Digər xəbərlər