Pyatiqorsk şəhərində Zəfər Günü bayram edilib

15 noyabr, 2022

Pyatiqorsk şəhərində Zəfər Günü bayram edilib

Rusiya Federasiyası Stavropol vilayətinin Pyatiqorsk şəhərində Azərbaycanın Qarabağdakı Zəfərinin ikinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

“Araz" Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Kabardin-Balkar, İnquşetiya respublikalarından, Stavropol vilayətinin digər şəhərlərindən gəlmiş Azərbaycan icmasının rəhbərləri və diaspor fəalları iştirak ediblər. 

 

Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.

 

Tədbiri giriş sözü ilə açan “Araz" Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov möhtəşəm bayram münasibətilə soydaşlarımızı təbrik edib. Stavropol vilayətində yaşayan bütün soydaşlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi  və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində əldə olunan parlaq qələbə və Azərbaycan bayrağının Qarabağın azad edilmiş ərazilərində yenidən dalğalandırılması ilə fəxr etdiklərini bildirib.

 

Tədbirdə çıxış edən İnquşetiyanın "Azərbaycan Milli-Mədəni Muxtariyyəti" regional ictimai təşkilatının sədri Rəhmətulla Babayev, "Azəri" Milli-Mədəni Mərkəzinin Kabardin-Balkar Respublikası üzrə sədri professor Əli Dadaşov, “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin Kislovodsk, Mineralnıe Vodı, Georgiyevsk, Yessentuki şəhərləri üzrə sədrləri Asif Musayev, Eldar Babayev, Elmuraz Əliyev, Fərhad Əhmədov, Pyatiqorsk şəhəri üzrə sədr müavini Cavanşir İsmayılov, gənclər şöbəsinin sədr müavini Elçin Cənnətov dünyanın hərb tarixinə yazılmış şanlı Zəfərimizin böyük əhəmiyyətindən danışıblar. Hazırda bölgədə dayanıqlı sülhün və normallaşma prosesinin bərqərar olması naminə ciddi səylər göstərən, Qarabağda irimiqyaslı bərpa və yenidənqurma layihələri həyata keçirən Azərbaycan dövlətinin yanında olduqlarını bildiriblər.

 

Sonra Zəfər Günü ilə bağlı məktəblilərin rəsm müsabiqəsinin nəticələri elan edilib. Qaliblərə və iştirakçılara mükafatlar və hədiyyələr təqdim edilib.

 

Tədbir məktəblilərin ifasında Azərbaycana həsr olunmuş şeirlərin səsləndirilməsi və konsert proqramı ilə davam edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər