Polşada Ulu Öndər Heydər Əliyevin və Azərbaycan-Polşa qəhrəmanlarının xatirəsi ehtiramla yad edilib
10 noyabr, 2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya işgüzar səfəri çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edib.
Ziyarətdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov, səfirliyin və komitənin əməkdaşları, Polşadakı Azərbaycan Evlərinin rəhbərləri, Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatorları və diaspor nümayəndələri iştirak ediblər.
Mərasimdə Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrinin qorunması, dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunması istiqamətində misilsiz xidmətləri vurğulanıb. Qeyd edilib ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycanın ərazi bütövlüyü ilə suverenliyinin bərpası bu siyasətin mühüm tarixi nəticələrindəndir.
Daha sonra Komitə sədri və səfir Varşavada “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” ucaldılan abidəni ziyarət ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də noyabrın 7-də Krakov şəhərində baş vermiş hadisədə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca abidənin önünə gül dəstələri düzülüb, hər iki xalqın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmış qəhrəmanların xatirəsi dərin ehtiramla anılıb.
Ziyarət zamanı Azərbaycan və Polşanın azadlığı uğrunda mübarizə aparan tarixi şəxsiyyətlərin həyat və mübarizə yoluna diqqət çəkilib, iki xalq arasında əsrlərə söykənən dostluq münasibətlərinin və ortaq tarixi dəyərlərin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu cür anım mərasimləri tarixi yaddaşın qorunması, milli-mənəvi irsin gələcək nəsillərə ötürülməsi, eləcə də Azərbaycan və Polşa xalqları arasında dostluq və həmrəyliyin daha da möhkəmləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Qeyd edək ki, Varşavada “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” ucaldılan abidə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş (1918-1920-ci illər) Polyak əsilli Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigara həsr edilib.
Foto qalereya
Digər xəbərlər
