BMT-nin mənzil-qərargahı önündə Ermənistanın təxribatlarına etiraz edilib
24 sentyabr, 2022ABŞ-ın Nyu-York şəhərində yaşayan Azərbaycan icması BMT-nin mənzil-qərargahı önündə piket keçirib.
Aksiya Azərbaycanın dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin 12-13 sentyabr tarixində törətdiyi genişmiqyaslı təxribata və rəsmi İrəvanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasətə etiraz məqsədilə gerçəkləşdirilib.
Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıran aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır!”, “Ermənistan, öz qeyri-qanuni qoşunlarını Qarabağdan çıxar!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, işğal siyasətini dayandır!”, “Ermənistan, bölgədə təxribatçı olma, hərbi təxribatlarını dayandır!”, “Ermənilərin basdırdıqları minalar mülki əhalini öldürür!”, “Ermənistan, bizim torpaqlarımızın minalanmasını dayandır!”, “Ermənistan, itkin düşmüş adamlarımızın taleyi barədə məlumatı Azərbaycana təqdim et!”, “Ermənistan Azərbaycanın İrəvandakı mədəni irsini məhv edib!” kimi şüarların əks olunduğu plakatları nümayiş etdiriblər.
Aksiyada çıxış edən gənclər BMT-dən beynəlxalq hüquq normalarına məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atılmasını tələb ediblər.
Soydaşlarımız ətrafdan keçən yerli və xarici diplomatları, yerli və beynəlxalq ictimayyətin nümayəndələrini Ermənistanın Azərbaycanın tarixi torpaqlarında apardığı işğalçılıq siyasəti haqqında məlumatlandıraraq, BMT-dən ədalət tələb etdiklərini nəzərə çatdırıblar.
İki saat davam edən aksiya zamanı iştirakçıların təhlükəsizliyi Nyu-York polisi tərəfindən təmin olunub.
Qeyd edək ki, BMT Baş Assambleyasının 77-ci sessiyasının keçirildiyi dövrə təsadüf edən aksiyada türk icmasının üzvləri də iştirak ediblər.
Aksiya Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzv təşkilatları olan Nyu-Yorkun Azərbaycan-Amerika Qadınlar Assosiasiyası və Nyu-York–Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Foto qalereya
Digər xəbərlər