Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd edilib

14 may, 2026

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd edilib

Fransanın paytaxtı Parisdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib. Tədbir Fransa Azərbaycanlıları Koordinasiya Şurasının dəstəyi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva qonaqları salamlayaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, ölkənin beynəlxalq nüfuzunun artmasında və müasir Azərbaycanın inkişaf strategiyasının müəyyənləşdirilməsində misilsiz rolundan danışıb. Səfir bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi irsi bu gün də Azərbaycanın inkişaf yoluna işıq saçır və onun əsasını qoyduğu dövlətçilik prinsipləri uğurla davam etdirilir.

Politoloq Erik Gozlan Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın formalaşmasında, ölkədə sabitliyin möhkəmləndirilməsində, iqtisadi inkişafın təmin edilməsində və beynəlxalq əlaqələrin genişləndirilməsində müstəsna xidmətlərini vurğulayıb. O, xüsusilə Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının təməl daşı hesab edilən və ölkənin iqtisadi inkişafında mühüm mərhələ kimi qiymətləndirilən 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin əhəmiyyətinə diqqət çəkib.

Tədbirin bədii hissəsində fransız violonçel ifaçısı Laure Volpato və yapon mənşəli pianoçu və bəstəkar Azusa Lozinguezin ifasında səsləndirilən musiqilər qonaqların zövqünü oxşayıb. Klassik və müasir Avropa musiqiləri, eləcə də Azərbaycan bəstəkarı Adilə Hüseynzadənin “Sonatina” əsəri alqışlarla qarşılanıb.

Qonaqlar bu cür tədbirlərin Azərbaycan ilə Fransa arasında mədəni əlaqələrin möhkəmlənməsinə, eləcə də Azərbaycan mədəniyyətinin xaricdə tanıdılmasına xidmət etdiyini bildiriblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər