Özbəkistandakı diasporumuz Azərbaycan əsilli rejissor Firudin Səfərovu 90 illik yubileyi münasibətilə təbrik edib

4 avqust, 2023

Özbəkistandakı diasporumuz Azərbaycan əsilli rejissor Firudin Səfərovu 90 illik yubileyi münasibətilə təbrik edib

Daşkənd şəhərində yaşayan Azərbaycan əsilli sənətkar, Ə.Nəvai adına Daşkənd Akademik Böyük Opera və Balet Teatrının rejissoru, Daşkənd Dövlət Konservatoriyasının professoru, Azərbaycanın və Özbəkistanın xalq artisti Firudin Səfərovun 90 yaşı tamam olub.

Bu əlamətdar hadisə münasibətilə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin idarə heyətinin sədri Mobil Məmmədov yubilyarı Özbəkistandakı Azərbaycan diasporu adından təbrik edib. Təbrik məktubunda Azərbaycanın və Özbəkistanın teatr sahəsinə böyük töfhələr vermiş sənətkara xoş arzular ifadə edilib.

Qeyd edək ki, Firudin Səttar oğlu Səfərov 1 avqust 1933-cü ildə Bakı şəhərində anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) zərb alətləri üzrə təhsil alıb, sonra N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının musiqili teatr rejissorluğu fakültəsini bitirib.

Görkəmli dirijor Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrində musiqiçi kimi çalışdıqdan sonra karyerasına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında quruluşçu rejissor kimi davam edib. Qısa zaman ərzində yüksək yaradıcılıq imkanlarını, dərin səhnə duyumunu nümayiş etdirən rejissor bir çox opera tamaşalarına quruluş verib, teatr aləmində bacarıqlı rejissor kimi nüfuz qazanıb. Azərbaycanda keçirilən 40-a yaxın dövlət səviyyəli tədbirin hazırlanması Firudin Səfərova həvalə olunub. Onun həyat yoldaşı Azərbaycanın tanınmış opera müğənnisi, SSRİ xalq artisti Firəngiz Əhmədova olub.

1977-ci ildə Ə.Nəvai adına Daşkənd Akademik Böyük Opera və Balet Teatrına dəvət edilən F.Səfərov ömrünü bu sənət ocağına bağlayıb. Teatrın baş rejissoru vəzifəsində 60-a yaxın opera tamaşasını, o cümlədən Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “Koroğlu”, M. Maqomayevin “Nərgiz”, Q.Qarayevin “İldırımlı yollarla”, “Yeddi gözəl”, F.Əmirovun “Min bir gecə”, “Sevil” (Səmərqənd teatrı), A. Məlikovun “Məhəbbət əfsanəsi”, İki qəlbin dastanı”, P.İ.Çaykovskinin “Qaratoxmaq qadın”, “İolanta”, Q.Donisettinin “Sevgi şərbəti”, C.Verdinin “Traviata”, “Riqoletto”, “Trubadur”, C.Rossininin “Sevilya bərbəri”, S.Prokofyevin “Odlu mələk” və digər əsərləri səhnələşdirməklə, Özbəkistanda keçirilən kütləvi bayramların bədii rəhbəri və quruluşçu rejissoru olmaqla Azərbaycanı ləyaqətlə təmsil edib.

F.Səfərov Özbəkistanda yaşamasına və çalışmasına baxmayaraq tarixi vətəni ilə əlaqələrini kəsməyib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Koroğlu”, müasir türk bəstəkarı Nevit Kodallının “Van Qoq” və görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun “Natəvan” operalarına quruluş verib.

Özbəkistanda peşəkar kadrların yetişdirilməsi sahəsində böyük xidmətlər göstərən rejissor Daşkənd Dövlət Konservatoriyasının opera hazırlığı fakültəsinin professorudur. Gənc vokalçıların çoxu ilk yaradıcılıq addımlarını məhz ustad rejissorun köməyi ilə atıb, böyük səhnədə öz istedadlarını nümayiş etdiriblər.

O, 1981-ci ildə Özbəkistanın Dövlət mükafatına, 1986-cı ildə Özbəkistan Respublikasının, 1992-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb.  

90 yaşı tamam olan Firudin Səfərov Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin üzvüdür. Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultaylarının ikisində iştirak edib və birinci qurultayda Orta Asi­ya respublikaları adından çıxış edib.

Diasporla İş üzrə Dövlət Komitəsi 90 illik yubileyi münasibətilə tanınmış sənətkara ünvanlanan bütün təbriklərə səmimi-qəlbdən qoşulur, Özbəkistanda Azərbaycan mədəniyyətini və diasporunu ləyaqətlə təmsil edən soydaşımıza möhkəm cansağlığı arzulayır və xoş diləklərini çatdırır.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər