Özbəkistanda Gənclər Günü münasibəti ilə tədbir keçirilib
3 fevral, 2025Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirə Azərbaycanın Özbəkistandakı Səfirliyinin əməkdaşları, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, ictimaiyyət nümayəndələri və tələbələr qatılıb.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev əsası 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Gənclər Günü haqqında məlumat verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin nailiyyətləri, qazanılan uğurlar haqqında söhbət açan səfir dövlət başçısının gənclərə qayğısından danışıb, son illərdə onların müxtəlif vəzifələrə irəli çəkildiyini vurğulayıb. Gənc nəslin yüksək səviyyədə, milli dəyərlərə uyğun yetişdirilməsinin dövlətimiz üçün vacib məsələlərdən olduğunu söyləyib.
Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının rektoru Şuxrat Toxtasimov son illərdə əlaqələrin inkişafından, Bakı Xoreoqrafiya Akademiyası ilə əməkdaşlığın yaradılması və birgə layihələr haqqında, eləcə də bu sahədə kitabların çapı ilə bağlı təşəbbüslərdən danışıb.
Yunus Rəcəbi adına Özbəkistan Musiqi Sənəti İnstitutunun rektoru Eldor Şermanov Azərbaycanın gənclər siyasətinin təqdirəlayiq və uğurlu olduğunu bildirib.
Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan” rəqs ansamblının və "Navbahor" Özbəkistan Dövlət rəqs ansamblının üzvləri, həmçinin Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi Aslanə Əliyeva milli rəqslərimizi, özbək müğənnisi Dilnoza Əkbərova, azərbaycanlı ifaçılar Vahid Əliyev və Fatimə İsgəndərova isə Azərbaycan və Özbək mahnılarını ifa ediblər.
Foto qalereya
Digər xəbərlər