Kölndə Azərbaycan-Almaniya əməkdaşlığına dair görüş keçirilib

3 fevral, 2025

Kölndə Azərbaycan-Almaniya əməkdaşlığına dair görüş keçirilib

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev Köln şəhər bələdiyyəsində Xristian-Demokrat İttifaqı (CDU) fraksiyasının sədri, Xristian-Demokrat İttifaqının İqtisadi Şurasının üzvü Bernd Petelkau və Köln şəhər bələdiyyəsinin Şəhər İnkişafı, İqtisadiyyat, Rəqəmsallaşma və Regional Məsələlər üzrə Departamentinin rəhbəri Andree Haack ilə görüşüb.

Nuran Abdullayev görüşdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun salamlarını çatdırıb. Köln və ətraf şəhərlərdə yaşayan azərbaycanlılar və onların müxtəlif peşə sahələrində təmsilçiliyi barədə məlumat verib. Azərbaycanlı Həkimlər Forumundan, bu forumun iki ölkə arasında səhiyyə və tibb sahəsində əməkdaşlığın inkişafına verdiyi töhfələrdən danışıb.

Görüşdə Köln şəhərində Azərbaycan günlərinin və mədəniyyət axşamlarının keçirilməsi təklifi irəli sürülüb. Köln şəhər bələdiyyəsindən bir qrup nümayəndə heyəti Bakıya dəvət olunub. Söhbət zamanı gənclərin müəyyən peşələrə yiyələnməsi, həmçinin müxtəlif sahələr üzrə mütəxəssislərin Köln şəhərində işləyə bilməsi imkanları müzakirə olunub.

Bundan əlavə, görüş zamanı Almaniya Azərbaycanlıları Alyansının fəaliyyəti, gələcək əməkdaşlıq imkanları və birgə fəaliyyət planları barədə fikir mübadiləsi aparılıb.

Sonda Nuran Abdullayevə Köln şəhərinin ən tanınmış simvollarından biri olan “Karneval” medalı təqdim edilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər