Girne Azərbaycan Evində simpozium keçirilib

3 fevral, 2025

Girne Azərbaycan Evində simpozium keçirilib

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Girne şəhərində fəaliyyət göstərən Azərbaycan Evi – Heydər Əliyev adına Beynəlxalq Mədəniyyət Mərkəzində “Rauf Denktaş və Dr. Fazıl Küçük II Beynəlxalq Kipr Araşdırmaları Simpoziumu” keçirilib.

Kipr-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirə Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar, Türkiyənin səfiri Yasin Ekrem Serin, Azərbaycan Milli Məclisinin deputatları Anar İsgəndərov və Jalə Əliyeva, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və digər qonaqlar qatılıb.

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin oxunması ilə başlayıb.

Qonaqları salamlayan cəmiyyət sədri Orxan Həsənoğlu prezident Ersin Tatarın mərkəzi 9 dəfə ziyarət etdiyini diqqətə çatdırıb. Azərbaycanla ŞKTC arasında əlaqələrin ildən-ilə inkişaf etdiyini bildirən cəmiyyət sədri qeyd edib ki, ölkənin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi qismində daxil olması türk respublikaları arasında əməkdaşlığın artacağına ümid yaradır.

Türkiyənin ŞKTC-dəki səfiri Yasin Ekrem Serin Şimali Kiprin TDT-də müşahidəçi qismində təmsil olunmasının əhəmiyyətini qeyd edərək, Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin "kiprli qardaşlarımızın yanında olacağıq" açıqlamasını xatırladıb, onun qətiyyətli siyasətinin önəmindən danışıb.

ŞKTC Prezidenti Ersin Tatar Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Avropada məskunlaşmış türkləri ölkəsində görməkdən məmnunluq duyduğunu dilə gətirib, türk dövlətləri ilə münasibətlərin inkişafı üçün diplomatik təmasları davam etdirdiyini bildirib. Prezident türk dünyasında əlifba və dil birliyinin möhkəmlənməsi ilə gələcək nəsillərin iqtisadi, ticarət, mədəni və milli bağlarının inkişaf edəcəyinə inandığını söyləyib.

Tədbirdən sonra qonaqlar ŞKTC-nin tarixi abidələrini və mədəni məkanlarını ziyarət ediblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər