Özbəkistanda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106-cı ildönümü qeyd edilib

27 iyun, 2024

Özbəkistanda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106-cı ildönümü qeyd edilib

Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində 26 iyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

Mərasimdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, digər ölkələrin səfirləri, paytaxtdakı diplomatik nümayəndəliklərin hərbi attaşeləri, Özbəkistan müdafiə nazirinin müavini Kadır Tursunov, nazirliyin  digər təmsilçiləri, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak edib.

Əvvəlcə Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Özbəkistandakı Hərbi Attaşelik Aparatının rəhbəri, polkovnik Samir Əfəndiyev iştirakçıları salamlayaraq bildirib ki, 26 iyun Azərbaycan tarixinin əlamətdar səhifələrindən biri – Milli Ordunun yarandığı gündür. Məhz 106 il əvvəl Azərbaycan Ordusunun yaranması milli dövlətçilik tarixinin mühüm məqamlarından biri kimi tarixə düşüb. Müstəqil Azərbaycan ordusunun inkişaf edərək yeni mərhələyə qədəm qoyması məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adları ilə bağlıdır. “Bu gün Azərbaycan ordusu möhkəm maddi-texniki bazaya malikdir və ən müasir silahlarla təchiz olunub. Məhz Ali Baş Komandanın səyləri nəticəsində Azərbaycan ordusu regionun ən güclü ordularından birinə çevrilib”, – deyə o bildirib.

Tədbirin bədii hissəsində Özbəkistanda tanınan müğənni, soydaşımız Rəna Əzizova bəstəkar və xalq mahnılarını, İlham Abdullayev sazda qədim el havalarını, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər