Vyanada Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib

28 iyun, 2024

Vyanada Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli caz musiqiçisi, saksofonçu, klarnet ifaçısı, bəstəkar, dirijor, Azərbaycan Televiziya və Radiosunun estrada simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Konsertdə Vyanada fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarının nümayəndələri, Azərbaycanın Vyanadakı səfirliyinin əməkdaşları, avstriyalı musiqiçi və alimlər, Tofiq Əhmədovun ailə üzvləri iştirak ediblər.

“Culture Meeting Point” Vyana mədəniyyət təşkilatı, Vyana meriyası, “Sun Dance Company” rəqs studiyası və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə “Musiqi sevinc bəxş edir“ (“Musik macht Freude - MmF”) Vyana musiqi məktəbi tərəfindən təşkil olunan konsertdə musiqi məktəblərinin və Vyana şəhər gimnaziyalarının şagirdləri bədii proqramlarla çıxış ediblər.

Tədbirin girişində “Musiqi sevinc gətirir” musiqi məktəbinin rəhbəri və “Culture Meeting Point” mədəniyyət təşkilatının musiqi rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fərəh Tahirova qonaqları salamlayaraq, Tofiq Əhmədovun Azərbaycan caz musiqisinin inkişafındakı rolundan danışıb. Fərəh Tahirova  zəngin milli mədəniyyətimizin, onun ən mühüm tərkib hissəsi olan musiqimizin beynəlxalq səviyyədə təqdimi, korifey sənətkarlarımızın yaradıcılığının xaricdə təbliği baxımından tədbirin klassik musiqinin beşiyi sayılan Vyanada keçirilməsinin əhəmiyyətinə diqqət çəkib. Fərəh Tahirova  çıxışında T. Əhmədovun Azərbaycanın tanınmış diplomatı, ölkəmizin Avstriyadakı səfiri olmuş mərhum Fuad İsmayılovun babası olduğunu da bildirib.

Konsertdə uşaqlar Tofiq Əhmədovun yaradıcılığı haqqında maraqlı təqdimatlar göstəriblər.

Musiqi məktəbi və şəhər gimnaziyalarının şagirdlərinin məşhur əsərlərdən ibarət ifası, Tofiq Əhmədovun sevilən mahnıları və “Sun Dance Company” rəqs studiyasının tələbələrinin çıxışı qonaqları tərəfindən maraqla qarşılanıb.

Beynəlxalq fortepiano müsabiqələrinin laureatı, istedadlı gənc pianoçu və bəstəkar, Vyana Dövlət Operası xorunun solisti, 13 yaşlı Norbert Ebner konsertdə Tofiq Əhmədovun məşhur “Güldür məni” mahnısını, həmçinin bəstəkarın yubileyinə həsr olunmuş “Günəşli vals” bəstəsini ifa edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər