İstanbulda tarixi “Validə Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” sərgisi açılıb

28 iyun, 2024

İstanbulda tarixi “Validə Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” sərgisi açılıb

Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr və “Tək Hədəfim Təhsil” birlikləri tərəfindən həyata keçirilən “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində İstanbulda tarixi “Validə Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” adlı sərgi nümayiş olunub.

Sərgi Azərbaycanın İstanbuldakı Baş konsulluğu və Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi, “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin təşəbbüsü ilə “Zəngəzur sənətkarlığı” layihəsinə əsasən açılıb.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirin rəsmi hissəsində çıxış edən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kamalə Kamal Cabbarova, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun konsulu Zaur Allahverdizadə, “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suver, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, “Tək Hədəfim Təhsil” Birliyinin rəhbəri Cem Yıldırım və digərləri Qərbi Azərbaycanın, eləcə də Zəngəzurun tarixi, buradakı xalqımıza məxsus böyük miras, ermənilər tərəfindən yox edilməyə çalışılan milli dəyələrimiz haqqında danışıblar.

Zəngəzur sənətkarlığına (əl sənəti) dair sərgisini ərsəyə gətirən Sərdarlar ailəsinin üzvləri - "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin sədri Lalə Sərdarlı, Toğrul Sərdarlı və İsgəndər Sərdarlı çıxış edərək layihə haqqında məlumat veriblər. Xalqımıza məxsus bu əl sənətinə dair nümunələrin maraqla qarşılandığını söyləyən Sərdarlı ailəsinin üzvləri sərginin qardaş ölkədə yüksək səviyyədə təşkilində iştirak edən hər kəsə təşəkkürlərini bildiriblər.

Sonra mövzuya əsasən hazırlanan sənədli film nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Azərbaycan milli musiqi nümunələri və rəqsləri ifa edilib, milli mətbəximizin təamları qonaqlara təqdim olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər