Beynəlxalq veloyürüşün iştirakçıları Bakıda şəhid uşaqlarına velosiped hədiyyə edib

28 iyun, 2024

Beynəlxalq veloyürüşün iştirakçıları Bakıda şəhid uşaqlarına velosiped hədiyyə edib

Müxtəlif ölkələrarası məsafələri əhatə etməklə velosiped yürüşləri təşkil edən “Ride 25" şirkətinin builki 11-ci yürüşü 2024-cü ilin iyun ayında Azərbaycan və Gürcüstan ərazilərindən keçərək başa çatıb.

Ümumi məsafəsi 563 km təşkil edən veloyürüş Tbilisi - Telavi - Qax - Qəbələ - Bakı marşrutu ilə iştirakçılara Azərbaycanın qədim yaşayış məskənlərini və tarixi yerlərini kəşf etmək, ölkəmizin zəngin mədəni irsi ilə yaxından tanış olmaq imkanı yaradıb.

Bakıda yekunlaşmış veloyürüşdən sonra yarış təşkilatçıları bir qrup şəhid övladı ilə görüşərək onlara 15 ədəd velosiped hədiyyə edib.

Dənizkənarı Milli Parkda hədiyyələrin təqdimatında iştirak edən uşaqlar yüksək əhval-ruhiyyədə yeni velosipedlərini bulvarda sınaqdan keçiriblər.

Tədbirin təşkilatçıları Diasporla İş üzrə Dövlət Komitəsi və “Ride 25” şirkətinin nümayəndələri, eləcə də Yaşat Fondu, Azərbaycan Velosiped Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri uşaqlar və valideynlərlə ünsiyyət qurub, yay tətili dövründə uşaqlara xoş və aktiv istirahət arzu ediblər.

Hədiyyələri uşaqlara təqdim edən velosiped yürüşünün iştirakçıları, “Ride 25” şirkətinin rəhbəri Rob Hamilton və tədbirin təşkilatçılarından olan, İngiltərədə yaşayan soydaşımız Kamran Əzizi Azərbaycanın ecazkar gözəlliyinin və xalqımızın qonaqpərvərliyinin şahidi olduğunu söyləyib, eləcə də yürüşün Azərbaycandan keçməsinə yaratdığı şərait üçün Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Sonda, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən velosiped yürüşünün iştirakçılarına Azərbaycan mədəniyyətinə, tarixinə aid kitablar hədiyyə edilib.

“Ride 25” şirkəti dünyada tanınmış velosiped yürüşləri təşkilatçısıdır. Təşkilatın məqsədi müxtəlif ölkələr arasında velosiped yürüşləri təşkil etməklə, insanları idmana və səyahətə təşviq etmək, eləcə də müxtəlif xeyriyyə layihələrinə dəstək olmaqdır.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər