Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyəti beynəlxalq birliyi Ermənistanı sülhə vadar etməyə çağırıb
22 sentyabr, 2023
Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyəti ölkəmizin Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törədilməsini sərt şəkildə pisləyib.
Cəmiyyətin adından BMT-nin müvafiq strukturlarına, Avropa Parlamentinin ABŞ ofisinə, Nyu-York ştatı Assambleyasına, Nyu-York qubernatoruna, Beynəlxalq Sülh İnstitutuna, “Human Rights Watch” və digər beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xocavənd rayonu ərazisində törədilmiş təxribat və terror nəticəsində Azərbaycanın 2 mülki vətəndaşının və 4 polis əməkdaşının həlak olması xəbəri Azərbaycan əsilli nyu-yorkluları dərindən kədərləndirib.
Nəzərə çatdırılıb ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 67 nəfər həlak olub. Bildirilib ki, Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata və beynəlxalq hüquqa zidd davranışı Azərbaycanın mülki vətəndaşlarının və hərbi qulluqçularının həyatını təhlükə altına atır.
Azərbaycana dəstəyini ifadə edən Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyəti beynəlxalq ictimaiyyəti bölgədə dayanıqlı sülhün və sabitliyin əldə olunması naminə Ermənistana güclü təzyiq göstərməyə və qətiyyətli addımlar atmağa çağırıb.
Digər xəbərlər