Nyu Cersidə “Tarixi Zəfər, sülhə sədaqət” adlı təntənəli tədbir keçirilib

12 noyabr, 2026

Nyu Cersidə “Tarixi Zəfər, sülhə sədaqət” adlı təntənəli tədbir keçirilib

ABŞ-nin Nyu Cersi ştatında 8 Noyabr - Zəfər Gününə həsr olunan “Tarixi Zəfər, sülhə sədaqət” adlı təntənəli tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nyu-Cersi Azərbaycan icmasının təşkilatçılığı ilə baş tutub.

Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Zəfər Bayramı ərəfəsində keçirilən tədbirin əhəmiyyətinə diqqət çəkib, iştirakçıları möhtəşəm qələbə münasibətilə təbrik edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığı ilə qazanılan şanlı Zəfərin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyib. Dövlətimizin diaspor siyasəti, xaricdə yaşayan soydaşlarımız arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında göstərdikləri fəallığa və Vətənə bağlılıqlarına görə soydaşlarımıza təşəkkürünü bildirib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini və genişmiqyaslı layihələrini əks etdirən xüsusi təqdimat nümayiş etdirilib.

Nyu Cersi Azərbaycan icmasının üzvləri Rəna Abbasova və Ceyhun Nəzərov Zəfər Gününün hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu, belə tədbirlərin soydaşlarımız arasında milli həmrəyliyin və birlik ruhunun güclənməsinə töhfə verdiyini vurğulayıblar. Nyu Cersi ştatının Paterson şəhərinin meri Andre Sayeq də azərbaycanlıları Zəfər Günü münasibətilə təbrik edib, icmamızın yerli cəmiyyətin ictimai həyatına verdiyi töhfələri yüksək qiymətləndirib.

Tədbirin keçirildiyi məkanda Nyu Yorkda fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzinin və Vaşinqtonun “Aceso Art Space” platformasının yetirmələri olan gənc azərbaycanlı rəssamların Zəfər Gününə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi də nümayiş olunub.

Tədbirin bədii və maarifləndirici hissəsində Zəfər tariximizi və milli birliyimizi tərənnüm edən “Birlikdə” və “Tarix dərsi” adlı videoçarxların nümayişi xüsusi maraqla izlənilib. Amerikalı musiqiçi, kamança ifaçısı, Azərbaycan muğamının tədqiqatçısı və Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbokun musiqili çıxışı tədbirə xüsusi rəng qatıb. Onun kamançada ifa etdiyi Azərbaycan muğamları və milli musiqi nümunələri sürəkli alqışlarla qarşılanıb.

Tədbirin sonunda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzinin və “Aceso Art Space” platformasının gənc rəssamlarına Vətən sevgisini və Zəfər ruhunu əks etdirən yaradıcılıq nümunələrinə görə xüsusi sertifikatlar təqdim olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər