İstanbulda 8 Noyabr – Zəfər Günü qeyd olunub

12 noyabr, 2026

İstanbulda 8 Noyabr – Zəfər Günü qeyd olunub

Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Zeynəbiyyə Hərəkatı Gənclər Mərkəzinin (ZHGM) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib. Azərbaycanın tarixi Qələbəsinin altıncı ildönümü münasibətilə təşkil olunan tədbirdə iki qardaş xalqın sarsılmaz birliyi, Qarabağ Zəfərinin tarixi əhəmiyyəti və Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri xüsusi vurğulanıb.

Tədbirdə siyasi partiya təmsilçiləri, ictimai-siyasi xadimlər, QHT rəhbərləri, qazilər və çoxsaylı soydaşlarımız iştirak ediblər.

Proqram Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Türkiyə Cəfəriləri Lideri Səlahəddin Özgündüz, CAFERİDER təşkilatının sədri Həsən Babur,Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım, Qarabağ müharibəsi qazisi, polkovnik Akif Qasımov, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun konsulu Əli Əliabbasov, ZHGM-nin sədri Həsən Şapulu, Kiçikçəkməcə bələdiyyə sədrinin müşaviri Eda Atış Adıyeke, eləcə də Kiçikçəkməcə rayonunun kaymakamı Mustafa Anteplioğlu çıxış edib.

Çıxışlarda Qarabağ Zəfərinin Azərbaycan xalqının milli birliyinin, müstəqillik iradəsinin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun şücaətinin parlaq təcəssümü olduğu bildirilib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa edilib.

Natiqlər Azərbaycan ilə Türkiyə arasında "Bir millət, iki dövlət" prinsipinə əsaslanan strateji müttəfiqlik və qardaşlıq münasibətlərinin gündən-günə daha da möhkəmləndiyini vurğulayaraq, Qarabağ Zəfərinin bütün türk dünyası üçün qürur və həmrəylik rəmzinə çevrildiyini bildiriblər.

Bədii hissədə Xalq artisti Əlixan Səmədovun balaban ifası və Əli Əsgər Batın səsləndirdiyi "Qarabağ" şeiri iştirakçılara duyğulu anlar yaşadıb. Tədbir Qafqaz xalqlarının milli rəqslərinin nümayişi ilə yekunlaşıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər