Moskvada Heydər Əliyevin 100 illiyi münasibətilə beynəlxalq konfrans keçirilib

26 may, 2023

Moskvada Heydər Əliyevin 100 illiyi münasibətilə beynəlxalq konfrans keçirilib

Rusiya paytaxtındakı Moskva Dövlət Avtomobil Yolları Texniki Universitetində (MADİ) müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib. 

“Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının və MADİ-nin birgə təşkilatçılığı ilə baş tutan  tədbir “Heydər Əliyev İli” və Rusiyadakı “Müəllim, ustad İli” çərçivəsində gerçəkləşdirilib.

MADİ-nin hazırlıq fakültəsinin dekanı Andrey Novikovun moderatorluğu ilə aparılan tədbiri tədris işləri üzrə prorektor İqor Artemiyev açıb. 

Tədbir iştirakçılarını salamlayan “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov konfransın və müsabiqənin keçirilməsi təşəbbüsünü dəstəklədiyinə görə MADİ rəhbərliyinə minnətdarlığını bildirib, Moskvanın Milli Siyasət və Regionlararası Əlaqələr Departamentinin rəhbəri Vitali Suçkovun konfrans iştirakçılarına müraciətini oxuyub. 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından konfrans iştirakçılarını səfirliyin müşaviri Zaur Paşayev salamlayıb. 

Konfransda MDB ölkələri üzrə Avtomobil Yolları İşçiləri Hökumətlərarası Şurasının katibliyinin rəhbəri, professor Buri Karimov, professor Kamran Rüstəmov, jurnalist Kseniya Karaulova, professor İbrahim Məlikov, MADİ-nin rus dili kafedrasının dosenti Larisa Denisova və Beynəlxalq Avtomobil Yolları Təhsili Assosiasiyasının (MAADO) vitse-prezidenti Valentin Silyanov məruzələrlə çıxış ediblər. Məruzəçilər Azərbaycanın və SSRİ-nin yollarının tikintisində misilsiz xidmətlər göstərmiş, yüksək peşəkar və insani keyfiyyətlərə, daxili mədəniyyətə malik olan Heydər Əliyevin çoxmillətli Azərbaycanda unikal multikulturalizm və tolerantlıq dəyərlərini inkişaf etdirdiyini, sadəliyi, insanlara həssas münasibəti ilə fərqləndiyini, MADİ tələbələrinin Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin həyatına və siyasi fəaliyyətinə böyük maraq göstərdiyini nəzərə çatdırıb, onunla bağlı xatirələrini bölüşüblər. 

Vaxtilə Azərbaycanın Mingəçevir şəhərində yaşamış, Bakıda M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunu bitirmiş Larisa Denisovanın Azərbaycan dilində xalq şairi Səməd Vurğunun məşhur “Azərbaycan” şeirini səsləndirməsi maraqla qarşılanıb.  

Sonra Heydər Əliyevə həsr olunmuş müsabiqənin nəticələri elan edilib. Bildirilib ki, dünyanın 17 ölkəsindən olan MADİ tələbələri müsabiqəyə 64 iş təqdim ediblər. Münsiflər heyətinin qərarı əsasında qalib adını qazanmış Timur Sidorenko (Azərbaycan), Ben Mamadu Umanu (Kamerun), Dmitri Petriaşvili (Osetiya), Danil Kojedubov (Rusiya), İrina Yeqorova (Qazaxıstan), Qurban Məmmədzadə (Azərbaycan) öz təqdimatları ilə çıxış ediblər. 

Tədbirin sonunda “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədr müavini Həşim Əliyev professor-müəllim heyətinə və münsiflər heyətinə gərgin əməklərinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, uşaqlıqda memar olmağı arzulayan Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurmaqla və layiqli siyasi varis yetişdirməklə bu arzusunu gerçəkləşdirib. 

Sonra qaliblərə diplomlar və hədiyyələr təqdim edilib. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər