Mina terroru hələ də həyatlara təhlükə saçır

9 aprel, 2026

Mina terroru hələ də həyatlara təhlükə saçır

Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb.

Bəyanatda Azərbaycanın uzun illər işğal altında qalan ərazilərində Ermənistanın basdırdığı minaların və partlamamış hərbi sursatların bu gün də ciddi humanitar təhlükə yaratdığı vurğulanıb. Torpaqlarımıza məqsədyönlü şəkildə yerləşdirilən minaların bölgədə aparılan yenidənqurma işlərini, məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışını çətinləşdirdiyi, insanların həyat və sağlamlığı üçün davamlı risk yaratdığı diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycanda minatəmizləmə işləri sürətlə davam etdirilsə də, bu proses ciddi çətinliklərlə müşayiət olunur. Ən böyük maneələrdən biri mina xəritələrinin təqdim olunmamasıdır. Otuz illik işğal müddətində Azərbaycan ərazilərində sistemli və planlı şəkildə basdırılan milyonlarla minanın yerlərinin dəqiq xəritələri ya ümumiyyətlə verilmir, ya da natamam və qeyri-dəqiq olur.

Bəyanatda, həmçinin mina xəritələrinin vaxtında və tam şəkildə təqdim edilməməsinin beynəlxalq humanitar hüququn əsas prinsiplərinə, xüsusilə mülki şəxslərin qorunması, postmünaqişə dövründə təhlükəsiz yaşayış şəraitinin təmini kimi öhdəliklərinə zidd olduğu xatırladılıb.

Sonda mina təhlükəsinin yaratdığı genişmiqyaslı təhlükənin tanınması və Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməməsinə görə məsuliyyətə cəlb olunması üçün beynəlxalq təşkilatlara çağırış edilib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər